İsmayıllı kəndlərinə su xətti çəkiləcək
19 Avqust 2010 Cümə Axşamı 15:05
Bu məqsədlə 3,5 milyon manat vəsait ayrılıb.
İsmayıllı Rayon İcra Hakimiyyəti tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Ekspertiza İdarəsinə İsmayıllı rayonunun 7 kəndində (İvanovka, Uştal, Qalagah, Soltankənd, Hacıhətəmli, Ruşan və Bəng) su təchizatı ilə bağlı vəziyyəti yaxşılaşdırmaq məqsədilə layihə ilə bağlı müraciət daxil olub. Nazirlər Kabinetinin qərarı ilə İsmayıllı rayonunun bu 7 kəndində su təchizatı ilə bağlı vəziyyəti yaxşılaşdırmaq üçün 3,5 milyon manat vəsait ayrılıb. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, İsmayıllı Rayon İcra Hakimiyyətindən daxil olan məktubda bu vəsait hesabına Göyçay çayından İsmayıllı rayonunun adıçəkilən kəndlərinə qədər 35 kilometr uzunluğunda su xəttinin çəkilməsinin nəzərdə tutulduğu göstərilir. İcra Hakimiyyəti tərəfindən xəttin yerüstü keçməsi planlaşdırlıb və bir hissəsinin qismən Meşə Fondu torpaqlarından keçməsi nəzərdə tutulur.
Bu və layihəyə aid digər məsələlərə (Göyçaydan götürülən suyun təmizlənib-təmizlənməyəcəyi, su xəttindən başqa qurğuların nəzərdə tutulub-tutulmadığı) Dövlət Ekspertiza İdarəsi tərəfindən baxılır.
Qeyd edək ki, 2008-ci ildə Göyçay rayonunun 6 kəndində su təchizatı vəziyyətinin yaxşılaşdırılması üçün 3,5 milyon manat vəsait ayrılmışdır. Bu ilk dəfədir ki, Azərbaycanda su təchizatı və çirkab suların təmizlənməsi layihələri ETSN-nin Dövlət Ekspertiza İdarəsinə təqdim olunur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: