İran yenə narazılıq edir
24 Noyabr 2010 Çərşənbə 18:50
Mehdi Axundzadə: "Biz Azərbaycan, Rusiya və Türkmənistan arasında imzalanmış sazişi qəbul etmirik"
Tehran bir sıra sahilyanı dövlətlər tərəfindən ikitərəfli səviyyədə imzalanmış Xəzərin dibinin ayrılması barədə sazişi qəbul etmir. Bu barədə İran XİN rəhbərinin müavini Məhəmməd Mehdi Axundzadə bildirib. “İranın prinsipial mövqeyi ondan ibarətdir ki, Xəzərin gələcək hüquqi statusuna dair hər hansı saziş konsensus və ədalətə əsaslanmalıdır. İran Xəzərə dair Azərbaycan, Rusiya və Türkmənistan arasında imzalanmış sazişi qəbul etmir”, - deyə iranlı diplomat “Press TV” dövlət kanalında açıqlama verib.

Mehdi Axundzadə həmçinin deyib ki, İranın Xəzərdəki payını 20 və ya 40 faizlə məhdudlaşdırmaq lazım deyil. “Sahilyanı dövlətlər arasında danışıqlar (Xəzərin hüquqi statusuna dair) 1921-ci və 1940-cı illərdə imzalanmış (Moskva və Tehran arasında) iki sazişə əsaslanacaq. Xəzərin hüquqi statusuna dair yekun sənəd İran tərəfindən təsdiqlənməlidir”, - deyə o vurğulayıb.

Xatırladaq ki, sovet dövründə Xəzərin akvatoriyası iki dövlət – SSRİ və İran arasında bölünüb. İttifaq dağıldıqdan sonra yeni sahil dövlətləri – Azərbaycan, Qazaxıstan və Türkmənistan Xəzərə ərazi hüquqları irəli sürüblər. Artıq uzun illərdir “beşlik” Xəzərin yeni statusunun işlənməsi ilə bağlı danışıqlar apararaq, mövqeləri yaxınlaşdırmağa və Xəzərin bölünməsinin qarşılıqlı münasib prinsipləri üzrə razılığa gəlməyə çalışırlar.



DOSTLARINLA PAYLAŞ:

oyunlar