İran prezidenti İlham Əliyevi Tehrana dəvət edib
09 Fevral 2011 Çərşənbə 18:15
Bunu ANS-ə açıqlamasında İranın Azərbaycandakı səfiri bildirib
İran prezidenti Mahmud Əhmədinejad Azərbaycan prezidenti İlham Əliyevi Tehrana səfərə dəvət edib. Bu açıqlamanı ANS-ə eksklüziv açıqlamasında İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məmmədbağır Bəhrami verib.
"İstər İran İslam Respublikasının prezidenti, istər Azərbaycan prezidenti iki qardaş dövlətin rəhbərləridir. Onların bir-birlərini öz ölkələrinə dəvət etməsi mümkündür", deyə İran rəsmisi qeyd edib.
Məmmədbağır Bəhraminin sözlərinə görə, Əhmədinejad tərəfindən Tehranda dünyanın müxtəlif ölkələrindən Novruz bayramını qəbul edən ölkələrin rəhbərlərinin dəvət olunması və onların iştirakı ilə tədbir keçirilməsi nəzərdə tutulub: “Bu yaxınlarda cənab Əhmədinejadın Bakıya səfəri zamanı ikitərəfli münasibətlər və Xəzəryanı ölkələrin rəhbərləri arasında keçirilən iclasda şəxsən cənab Əhmədinejad Azərbaycan Respublikasının prezidentini şifahi surətdə dəvət edib. Yəqin ki, bu dəvət yazılı surətdə də ünvanlanacaq”.
Qeyd edək ki, yaxın vaxtlarda İran prezidenti Mahmud Əhmədinejad Ermənistana səfər etməyi planlaşdırır. Ermənistan kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, bu haqda İranın Ermənistandakı səfiri Seyid Əli Saqayan məlumat verib. İranlı diplomatın sözlərinə görə, Əhmədinejad İrəvana səfər etdikdən sonra Ermənistan dövlət başçısı da buna cavab olaraq İranda Novruz bayramı ilə bağlı təşkil ediləcək təbirlərdə iştirak etmək məqsədi ilə İrana səfər edəcək.
DOSTLARINLA PAYLAŞ: