İpək yolu Şəkidən keçdi
28 İyun 2010 Bazar Ertəsi 10:20
Şəkidə “İpək Yolu” 1-ci Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi keçirilib.
“İpək yolu” yenə də Şəkidən keçdi. Ancaq bu dəfə musiqi ilə... Bəstəkarlar İttifaqının və Şəki şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Şəkidə “İpək Yolu” 1-ci Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi keçirilib. “İpək yolu” nəinki Azərbaycanın məşhur solist və ictimai xadimlərini, habelə Norveç, Koreya və Kanadadan gələn qonaqları və musiqiçiləri bir araya gətirib.

Açılış mərasimində Şəki şəhər icra başçısının müavini Zərinə Cavadova, Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə “İpək yolu” festivalının məhz Şəkidə keçirilməsini bu qədim şəhərin tarixi ilə əlaqələndiriblər. Həmçinin bildirilib ki, 2010-cu il üçün Şəkinin Sənətkarlıq Paytaxtı elan edilməsi çərçivəsində bu cür festivalın təşkili olduqca əhəmiyyətlidir.

Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə festivalın proqramının çox maraqlı olduğunu deyib: "Bizi çox gözəl konsertlər gözləyir. Bizim ən gözəl operalarımız “Leyli və Məcnun” və “Şah İsmayıl” operaları açıq havada nümayiş olunacaq. Koreyadan gəlmiş qeyri-adi folklor ansamblı milli kostyumlarda çıxış edəcək. Norveçdən gələn “Sarı gəlin” ansamblının çıxışı və ümumiyyətlə bizi çox yaxşı təəssüratlar gözləyir".

Şəki Xan Sarayında açıq havada təşkil olunan “İpək Yolu” 1-ci Beynəlxalq Musii Festivalının açılış mərasimi xalq artisti Teymur Göyçayevin rəhbərliyi altında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri xüsusi proqramı ilə davam edib. Proqramda Azərbaycan bəstəkarlarından Üzeyir Hacıbəyli, Qara Qarayev, Tofiq Quliyev, Aqşin Əlizadə, Süleyman Ələsgərov, dünya bəstəkarlarından Çaykovski, Mosart, Alexandr Anderson və digərlərin əsərləri səslənib. Orkestrin çıxışı Şəki əhalisi və eləcə də xarici qonaqlar tərəfindən alqışlarla qarşılanıb.

Tədbir iştirakçıları mükafatlandırılıblar. Şəki şəhər icra başçısının 1-ci müavini Həsən Həsənov Teymur Göyçayevə fəxri fərman təqdim edib.

Qeyd edək ki, Şəkidə keçirilən “İpək Yolu” 1-ci Beynəlxalq Musiqi Festivalı iyulun 2-dək davam edəcək. Festival çərçivəsində bu gün Kiş kəndinin Alban məbədində Bəstəkarlar İttifaqının “Oazis” simli kvartetinin təqdimatı və konserti, eləcə də Yuxarı Karvansaray da Cənubi Koreya Folklor Ansamblının konserti təşkil olunacaq.
İyunun 29-da isə Şəki musiqi kollecində kollecin tələbələri ilə ustad dərsi, “Sarı gəlin” Norveç-Azərbaycan ansamblının konserti, Şəki Xan Sarayında Şəki və Bakı musiqi kollektivlərinin iştirakı ilə qala konsert, iyunun 30-da Opera və Balet Teatrının kollektivinin təqdimatında ilk dəfə olaraq açıq havada “Leyli və Məcnun” və “Şah İsmayıl” operaları nümayiş olunacaq. Festivalın sonuncu, yəni iyulun 1-də Azərbaycan Televiziyası və Radiosunun Cahangir Cahangirov adına Xor kollektivinin konserti və “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi baş tutacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar