İordaniya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
02 Fevral 2011 Çərşənbə 17:05
Ölkəmizin Əmmandakı səfiri krallıq Senatının sədri ilə görüşüb
Azərbaycanın İordaniyadakı səfiri krallıq parlamentinin Yuxarı palatasının (Senatın) sədri Tahir Masri ilə görüşüb. Səfirlikdən ANS PRESS-ə verilən məlumata görə, görüşdə Azərbaycan və İordaniya parlamentləri arasında əməkdaşlığın inkişaf etdirilməsi, parlament sədrlərinin qarşılıqlı səfərlərinin təşkili, o cümlədən parlamentlərarası dostluq qrupunun yaradılması məsələləri müzakirə olunub.
T.Masri 2008-ci ildə Senatın sədrinin birinci müavini olarkən Azərbaycan parlamentinin 90 illiyi münasibətilə keçirilmiş təntənəli mərasimdə iştirak etmiş İordaniya parlamenti nümayəndə heyətinə başçılıq etdiyini, ölkəmizə olan səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və Milli Məclisin sədri Oqtay Əsədov tərəfindən qəbul edildiyini xoş sözlərlə xatırlayıb. İordaniya Senatının sədri Dağlıq Qarabağ münaqişəsinə dair ölkəsinin Azərbaycanın haqlı mövqeyini daim dəstəklədiyini və bundan sonra da dəstəkləyəcəyini birmənalı olaraq vurğulayıb.
Söhbət əsnasında, son zamanlar Tunis və Misirdə cərəyan edən hadisələr, habelə İordaniyada hazırkı siyasi və ictimai vəziyyət haqqında da fikir mübadiləsi aparılıb.
DOSTLARINLA PAYLAŞ: