İlin adamı mükafatı təqdim olundu
10 Fevral 2011 Cümə Axşamı 19:05
Çingiz Mustafayev Fondu tərəfindən təsis edilən mükafat Milli Qəhrəman Mübariz İbrahimovun atasına təqdim edilib
Bu gün Bakının Park İnn otelində ANS Şirkətlər Qrupu və Milli Qəhrəman Çingiz Mustafayev Fondu tərəfindən 2010-ci "İlin adamı" mükafatının və diplomunun təqdimetmə mərasimi keçirilib. ANS PRESS-in məlumatına görə, tədbiri ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mir Şahin Ağayev açaraq bildirib ki, bu mükafat 2001-ci ildən başlayaraq təqdim olunur və onun qayəsində vətənpərvərlik və millətə göstərilən xidmətlərin dəyərləndirilməsi dayanır. "Çingiz Mustafayev adına Fondun və ANS Şirkətlər Qrupunun təsis etdiyi, artıq ən nüfuzlu meyara çevrilməkdə olan mükafatın başlıca leytmotivi budur. Azərbaycan uğrunda şəhid olmuş bir insanın adını daşıyan bu mükafat təbii olaraq öz bacarığını və səylərini Azərbaycanın rifahına yönəldən, ömrünü bu dövlətə və bu xalqa həsr edən şəxslərə verilir. Artıq ictimai həvəsləndirmə və təşviq etmənin ciddi atributu kimi etiraf olunmuş bu mükafat bir azdan öz sahibinə -2010-cu İlin Adamına təqdim ediləcək. Biz əminik ki, ünvanı və qiymətləndirilən amilləri düzgün seçmişik", - deyə Mir Şahin Ağayev qeyd edib.
O əlavə edib ki, bu dəfəki qalibə həsr olunmuş mərasimdə qürurla qarışıq bir kədər hissi keçirir: "Ona görə ki, bu dəfə İlin Adamı elan etdiyimiz şəxs aramızda yoxdur. Ən azı cismani yoxdur. O, torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub".
Daha sonra Mir Şahin Ağayev sözü ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevə verib: "Məncə, o Azərbaycanın qürur və vüqar mücəssəməsi olan soydaşımız, onun fədakarlığı barədə daha ətraflı danışacaq, "İlin Adamı" mükafatının niyə məhz ona verilməsinin təfərrüatlarını açıqlayacaq".
Qonaqları salamlayan Vahid Mustafayev bildirib ki, bu dəfə də seçimin hamının ürəyincə olacağına inandığını bildirib. "Çünki 2010-cu İlin adamı elan etdiyimiz şəxs Azərbaycanın adına, millətimizin yüksək mənəvi keyfiyyətlərinə layiq yaşamış və öz vətənpərvərliyi ilə artıq əsl nümunəyə çevrilmiş soydaşımızdır. Bilirsiniz ki, bu mükafat ən ali vətənpərvər düşüncə və əməl sahiblərinə verilir. Müharibə şəraitində yaşayan, torpaqlarının 20 faizi işğal altında olan ölkəmizin vətəndaşlarının bu gün əsl qəhrəmanlara və qəhrəmanlıqlara ehtiyacı var. Bunu bizdən şəhidlərin cənnətdə də narahat olan ruhları, vətənimizin taleyi tələb edir", - deyə ANS Şirkətlər Qrupunun prezidenti vurğulayıb.
O əlavə edib ki, "İlin adamı" mükafatının hər yeni sahibini müəyyənləşdirəndə milli genofondumuzun nə qədər zəngin və qanımızın nə qədər sağlam olduğunun şahidi olur: " Bu dəfə də belə oldu. İlin Adamı adına 2010-cu ili ayaqda saxlayan, Azərbaycan vətəndaşına şəhid olmaq şərəfini, şəhid olmaq ucalığını həmişə xatırladacaq qardaşımız layiq görüldü: Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov. Mübariz İbrahimov heç kəsin gözləmədiyi halda, təkbaşına işğalçıların üzərinə getdi. Son nəfəsinə qədər vuruşdu, şəhid oldu. Bu həm də Azərbaycan xalqının artıq tükənməkdə olan səbrinin təcəssümü idi. Ali baş komandan İlham Əliyev hər dəfə “səbrimiz tükənməz deyil!”, deyərkən məhz belə addımları nəzərdə tutur. Qarşı tərəfə bax elə bu mesaji göndərir..."
V. Mustafayev qeyd edib ki, Mübariz İbrahimov Azərbaycan xalqının döyüş ruhunun sarsılmazlığını nümayiş etdirərkən canını belə əsirgəməməklə şəxsi nümunə göstərib. Hər bir vətəndaşımızın etməli olduğunu edib: "Mübariz- indi az qala dəb halını almış, yeri gəldi-gəlmədi tez-tez eşitdiyimiz “ölkədə müharibə ovqatı yoxdur, camaat toy-bayram edir” kimi fikirləri təkzib etdi. Öz fədakarlığı ilə cəmiyyətdə vətənpərvərlik ruhunu daha da möhkəmləndirdi. Başa saldi ki, gənclərimizin düşüncəsində vətən hissi, onu qorumağın əbədi borc olmasına inam zədələnməyib. Hər bir kəs öz vaxtını gözləyir. Azərbaycan döyüşçüsü Qarabağın işğalı ilə heç vaxt barışmayacaq. O, dövlətimizin bayrağının Qarabağda dalğalanması məqsədilə verilən bütün tapşırıqları nəyin bahasına olursa-olsun yerinə yetirməyə qadirdir. Mübariz İbrahimovu “İlin adamı” elan etmək təkcə Milli Qəhrəman Çingiz Mustafayev adına Fond və ANS Şirkətlər Qrupunun idarə heyətinin fikri deyil. Biz bu adi ona verməklə həm də Azərbaycan prezidenti, ali baş komandan İlham Əliyevin arzusunu yerinə yetirdik. Mübariz İbrahimovun Azərbaycanın ərazi bütövlüyü uğrunda göstərdiyi şəxsi fədakarlıq, döyüş tapşırığını yüksək peşəkarlıqla yerinə yetirməsi və son damla qanınadək, daha doğrusu ölənədək vuruşması, onlarla erməni əsgər və zabitini məhv etməsinin ali baş komandan tərəfindən bir daha qiymətləndirilməsi həm də avansdır".
V. Mustafayevin sözlərinə görə, hər bir döyüşçüyə vətən uğrunda fədakarlığa hazır olmaq çağırışıdır: "Bəzən deyirlər ki, qəhrəman olmağı heç kim qarşısına məqsəd kimi qoymur. Ya da belə deyirlər: heç kim anadan qəhrəman doğulmur. Amma icazə verin razilaşmayım. Mübariz İbrahimovun gündəliyini oxuyanda mən onun şəhidliyə doğru tutduğu yolla necə inad və inamla addımladığına əmin oldum. Bu gənc sanki qəhrəman olmaq, Azərbaycanı qorumaq üçün, şərəflə şəhadətə yetişmək üçün yaşayırmış. Mübarizin şücaəti barədə artıq əfsanələr dolaşır. Onun məhv etdiyi ermənilərin sayının 100-dən artıq olduğunu deyənlər, onlarla tankı sıradan çıxardığını qürurla söyləyənlər var. Və bütün bunlar Azərbaycan xalqının öz övladına məhəbbətindən, onu görmək istədiyi ucalıqda görmək niyyətindən irəli gəlir. Ən maraqlısı isə budur ki, həlak olandan sonra da Mübariz ermənilərlə savaşıb. Ruhu ilə. Qanlı bədəni ilə.
Bax elə buna görə ermənilər onu Azərbaycana qaytarmaq istəmirdilər..."
V.Mustafayev Mübarizin fədakarlığının 17 illik atəşkəsin xalqımızın döyüş ruhuna mənfi təsir göstərəcəyini və nəhayət Azərbaycanin ən ağır şərtlərlə danışıqlar masası arxasina otuzdurulacağını gözləyənlərə ciddi zərbə olduğunu bəyan edib. "23 yaşını bir həftə əvvəl qeyd etdiyimiz Mübariz sübut etdi ki, millətin qanı soyumayıb və biz hələ əsl döyüşə başlamamışıq. Mübarizin ruhu- qarşısında baş əyməli, önündə diz çökməli ruhdur. Mübarizin fədakarlığı izsiz ötüşməyəcək. Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq. Çünki Azərbaycan Ordusu sıralarında mübariz oğullar çoxdur",- deyə V. Mustafayev bildirib.
Daha sonra o, qonaqları 2010-cu İlin adamının nailiyyətlərini əks etdirən video-çarxa baxmağa dəvət edib. Bunun ardınca "İlin adamı" mükafatı Mübariz İbrahimovun atası Ağakərim İbrahimova təqdim edilib.
DOSTLARINLA PAYLAŞ: