İlham Əliyevin Gəncə və Samuxa səfəri
11 Fevral 2011 Cümə 03:05
Dövlət başçısı bir sıra obyektlərin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev ölkənin qərb bölgəsinə səfəri çərçivəsində Gəncə və Samuxda olub. Dövlət başçısı Gəncənin Heydər Əliyev meydanında ulu öndərin abidəsini ziyarət edərək gül dəstəsi qoyub. Sonra əsaslı yenidənqurma işləri aparılmış “Xan bağı” mədəniyyət və istirahət parkı ilə tanış olan Prezident İlham Əliyev şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Dövlət başçısı Bakı-Gürcüstan sərhədi avtomagistralının bir hissəsi olan Yevlax-Gəncə yolunda tikinti işləri, eləcə də Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən “İmamzadə” dini kompleksində tikinti-bərpa işlərinin gedişi ilə tanış olub, fiziki qüsurlu insanlar üçün Regional İnformasiya Mərkəzinin açılışında iştirak edib.
Daha sonra Samuxa gedən Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, rayon İcra Hakimiyyətinin yeni binasının açılışına qatılıb, Samux ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Dövlət başçısı “NAA Agrotara” MMC-nin meyvə qurudulması və emalı müəssisəsinin və 500 kilovoltluq “Samux” yardımçı stansiyasının açılışında da iştirak edib.
DOSTLARINLA PAYLAŞ: