İlham Əliyevin ad günü üçün Qafqazın ən böyük tortu hazırlanır
22 Dekabr 2010 Çərşənbə 02:20
Uzunluğu 49 metr olan tort dekabrın 24-də kəsiləcək və şəhər sakinlərinə paylanacaq
Gəncə şəhər rəhbərliyinin və gəncəli iş adamlarının təşəbbüsü ilə prezident İlham Əliyevin ad günü münasibətilə 49 m uzunluğunda qeyri-adi tort bişirilir. Gəncə şəhər İcra Hakimiyyətindən Gəncə Media Mərkəzinə verilən məlumata görə, artıq dördüncü ildir bişirilən belə nəhəng tort dövlət başçısının ad günündə kəsilərək şəhər sakinlərinə paylanılacaq. Bununla bağlı hazırlıq işləri görülür. Qeyd edək ki, Qafqazin ən böyük tortunun ötən ilkindən fərqli bir metr uzun- 49 metr olmasi nəzərdə tutulub və tərtibatının qeyri-adiliyinə görə də fərqlənəcək.
Şirniyatçıların bildirdiyinə görə tortun hazırlanması üçün təxminən 2 ton un, 29 min yumurta, 350 litrə qədər süd, 350 kq qatılaşdırılmış süd, 400 kq-a yaxın qoz ləpəsi, 300 kq hind qozu, 370 kq kərə yağı, 30 kq duru yağ, 35 kq kakao, 65 kq şokolad, 380 kq krem şanti, 400 kq karamel sərf olunacaq. Tort üçün həmçinin 60 ədəd şəkil, müxtəlif fiqurlar hazırlamaq üçün 40 kq xüsusi xəmir, 100 kq saxarin və 400 kq bişmiş xəmiri təzə saxlayan xüsusi maddə istifadə edilir.
Gəncə şəhər İcra Hakimiyyəti nəhəng tortdan dadmaq istəyənləri dekabr ayının 24-də şəhərin baş meydanına dəvət edir.
DOSTLARINLA PAYLAŞ: