İlham Əliyev: “Korrupsiya və rüşvətxorluğa qarşı cəza tədbirləri görülür və görüləcək”
02 Mart 2011 Çərşənbə 01:36
“Bəzi hallarda insanları incidirlər, insanlara qarşı reketlik edirlər, əsassız tələblər irəli sürürlər”.
"Ölkəmiz üçün, o cümlədən sahibkarlığın inkişafı üçün vacib olan məsələlərdən biri də Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizəni gücləndirməkdir". Bunu Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransdakı yekun nitqində deyib. O bildirib ki, öz sözümü ilin əvvəlində Nazirlər Kabinetinin iclasında deyib, müvafiq göstərişlər verilib: “İndi deyə bilərəm ki, ölkəmizin bütün yerlərində bu məsələ ilə bağlı ciddi proseslər gedir. Biz ilkin müsbət nəticələri görürük və elə etməliyik ki, bu nəticələr daha da gözəgörünən, daha da təsirli olsun. Bu proses birillik, ya ikiillik proses deyil və bu, kampaniya deyil, bizim şüurlu seçimimizdir. Əgər biz doğrudan da Azərbaycanı müasir ölkə kimi görmək istəyiriksə və bütün sahələrdə inkişafı görmək istəyiriksə, xoşagəlməz hallara qarşı mütləq ciddi mübarizə aparmalıyıq. Korrupsiya və rüşvətxorluq böyük bəladır, böyük yaradır və bizim üçün böyük ləkədir. Elə etməliyik ki, bütün sahələrdə şəffaflıq təmin edilsin. Burada, əlbəttə ki, həm inzibati tədbirlər görülür və görüləcək. Cəza tədbirləri görülür və görüləcək. Eyni zamanda, biz struktur islahatlarını elə aparmalıyıq ki, korrupsiya, rüşvətxorluq tamamilə aradan götürülsün. Son müddət ərzində mənim tərəfimdən imzalanmış sərəncamlar bu məqsədi güdür. Yəni biz struktur islahatlarından, institusional metodlardan korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizəni gücləndirmək üçün istifadə etməliyik. Ancaq əlbəttə ki, təkcə struktur islahatları aparmaqla biz istədiyimiz nəticəyə nail ola bilməyəcəyik. Ona görə bütün dövlət qurumları, bütün dövlət şirkətləri, yerli icra orqanları, mərkəzi icra orqanları bilməlidir ki, hər bir məmur öz işində elə işləməlidir ki, həmişə üzüağ olsun, alnıaçıq olsun”.

Dövlət başçısı bir daha Azərbaycan ictimaiyyətinə müraciət edib: “Bir dəfə artıq müraciət etmişəm və bu müraciətin çox yaxşı nəticəsi olmuşdur. Mənə, Prezident Administrasiyasına bütün bölgələrdən məktublar gəlir - həm təşəkkür məktubları, həm də şikayət məktubları. Bu canlı bağlantı həmişə olub və olacaqdır. Biz hamımız çalışmalıyıq ki, Azərbaycan müasir dövlətə çevrilsin, ölkəmizə yaraşmayan, ölkəmizi geriyə aparan, onun inkişafını əngəlləyən xoşagəlməz hallar Azərbaycanda olmasın. Bizim gözəl imkanlarımız, gözəl perspektivlərimiz var - güclü dövlət, güclü iqtisadiyyat, güclü sosial siyasət, infrastruktur layihələri. Azərbaycanın iqtisadi inkişafı bu günə qədər dünyada heç bir başqa ölkədə təkrarlanmayıbdır. Qısa müddət ərzində, 7 ildə iqtisadiyyat 2,8 dəfə artmışdır. Yoxsulluğun səviyyəsi 4,5 dəfə azalmış, 900 min iş yeri açılmışdır. Hər yerdə quruculuq, abadlıq, tikinti işləri gedir, Azərbaycan vətəndaşları sabitlik, təhlükəsizlik şəraitində yaşayırlar. Ən yaxşı kriminogen vəziyyət bizdədir. Azərbaycanda, 9 milyon əhalisi olan ölkədə gündə 30-35 cinayət baş verir. Bu, başqa ölkələrlə müqayisədə bir neçə dəfə azdır. Yəni təhlükəsizlik, sabitlik, rifahın yaxşılaşması var. Bununla bərabər, bizim cəmiyyətimizi içəridən sarsıdan xoşagəlməz hallar, rüşvətxorluq, əsassız tələblər var, bəzi hallarda insanları incidirlər, insanlara qarşı reketlik edirlər, əsassız tələblər irəli sürürlər. Axı, olmaz belə! Biz çalışırıq ki, insanlar yaxşı yaşasınlar. Biz Azərbaycanda 500 mindən artıq insana dövlət tərəfindən sosial yardım edirik. Yüz mindən artıq ailə hər ay dövlətdən 106 manat pul alır. Kimin imkanı yoxdursa, bu pulu ona veririk, o, yaşamalıdır. Hamı yaşamalıdır, yaxşı yaşamalıdır. Düzdür bu, insandan asılıdır. Azərbaycanda bütün imkanlar var. Kimin bacarığı var, biliyi var, imkanı var, daha da yaxşı yaşayır. Bu, hər yerdə belədir. Artıq bu məsələlərlə bağlı çox ciddi işlər gedir və gedəcəkdir. Hamı bunu bilməli və özü üçün nəticə çıxarmalıdır”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar