İlham Əliyev: “Əminəm ki, dünyanın ən gözəl aeroportu məhz Bakıda olacaq”
18 Mart 2011 Cümə 01:00
İlham Əliyev: “İndiki aeroport artıq Azərbaycanın inkişafına uyğun deyil”.
İndiki Bakı beynəlxalq hava limanı Azərbaycanın inkişafına uyğun deyil. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksinin təməlqoyma mərasimində deyib. Onun fikrincə, bu, ölkəmizin həyatında çox əlamətdar bir hadisədir: “Bakıda yeni aeroportun təməl daşını qoyuruq. Ümid edirəm ki, yaxın zamanlarda - iki ildən sonra Bakıda yeni gözəl, əzəmətli aeroport istifadəyə veriləcək. Bir müddət bundan əvvəl mən yeni aeroportun tikintisi ilə bağlı müvafiq tapşırıqlar vermişəm. Çünki indiki aeroport artıq Azərbaycanın inkişafına uyğun deyil. Azərbaycan sürətlə inkişaf edir, ölkəmizə gələnlərin sayı artır. Beləliklə, yeni müasir aeroportun tikintisinə böyük ehtiyac var idi və çox istəyirdik ki, bu aeroport həm funksional baxımdan, həm də gözəlliyi ilə seçilsin. Əminəm ki, dünyanın ən gözəl aeroportu məhz Bakıda olacaq”.

Prezident xatırladıb ki, son illərdə Azərbaycanın müxtəlif şəhərlərində aeroportlar tikilib - 2004-cü ildə Naxçıvanda, 2006-cı ildə Gəncədə, 2008-ci ildə Lənkəranda və Zaqatalada. Onun sözlərinə görə, bu il Qəbələdə beynəlxalq aeroport istifadəyə veriləcək: “Aeroport əslində gözəl bir memarlıq abidəsidir. Hazırda Bakıda və ölkəmizin digər şəhərlərində yeni gözəl binalar tikilir. O binalar ölkəmizin inkişafını göstərir. O binalar yeni Azərbaycanın rəmzlərinə çevrilir. O cümlədən bu aeroport - ölkəmizin giriş qapısı müasir Azərbaycanın inkişafını və indiki vəziyyətini əks etdirməlidir. Mən əminəm ki, Heydər Əliyev Beynəlxalq Aeroportu dünya miqyasında öz gözəlliyi və funksional keyfiyyətləri ilə seçiləcək. Həm aerovağzal binası çox gözəl olacaq, həm də uçuş-enmə zolaqları yenidən qurulacaq, 4 kilometr uzunluğunda yeni uçuş-enmə zolağı tikiləcək, aeroportun bütün xidmətləri müasir tələblərə cavab verəcək və sərnişinlər üçün yeni gözəl şərait yaradılacaq”.

Dövlət başçısı bildirib ki, Azərbaycanda hava nəqliyyatının inkişafı sürətlə gedir: “Son 7 ildə yeni təyyarələr - 10 Airbus təyyarəsi, ATR təyyarələri, 12 helikopter alınıb. Növbəti üç il ərzində Boinq tipli 6 təyyarə alınacaqdır. Onlardan ikisi ən son model olan Boinq-787 drimlayner təyyarələridir. Hazırda MDB məkanında birinci 787 tipli Boinq təyyarələri Azərbaycana gətiriləcək. Bu təşəbbüslər əlbəttə ki, böyük vəsait tələb edir və Azərbaycan dövləti bu vəsaiti təmin edir. Bütövlükdə nəqliyyatda gedən işlər çox müsbətdir. Hazırda Bakıda yeni Beynəlxalq Dəniz Ticarət Limanı tikilir, dəmir yolları bərpa olunur, avtomobil yolları salınır, dəniz və hava nəqliyyatı inkişaf etdirilir. Beləliklə, Azərbaycanda nəqliyyat infrastrukturu tamamilə yeniləşir. Təsadüfi deyil ki, Azərbaycan və Bakı artıq tranzit məsələlərin həlli üçün də mərkəzə çevrilib, o cümlədən hava nəqliyyatı sahəsində. Bakı üzərindən daşınan yüklərin həcmi artır. Artıq böyük yük təyyarələri Azərbaycana gəlir və bu da bizim imkanlarımızı genişləndirir. Coğrafi vəziyyətimiz elədir ki, ölkəmizin ərazisindən keçən istər hava, istər avtomobil, istərsə də dəmir yolları Azərbaycanı tranzit mərkəzə çevirib”.

İlham Əliyev deyib ki, bütün bu tədbirlərin kompleks şəkildə görülməsi ölkəmizi daha da gücləndirəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar