İlham Əliyev: "Biz bulvarı şəhərə qaytardıq"
10 Mart 2011 Cümə Axşamı 13:31
Prezident bulvarın uzunluğunun 10 kilometr, bəlkə ondan da çox olacağını deyib
"Bu gün bulvarın uzadılması layihəsini icra edirik - bulvar həm sağ, həm sol tərəfə uzadılacaq". Bu barədə Azərbaycan prezidenti İlham Əliyev dünən keçirilən Bakı şəhər İcra Hakimiyyətində paytaxt və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair müşavirədə deyib. O, artıq Dəniz Ticarət Limanının köçürülməsi prosesinə başlanıldığını, indi Ələtdə yeni ticarət limanı yaradıldığını bildirib. Dövlət başçısı indiki ticarət limanının ərazisində artıq parklar salınır və salınacaq və bulvar uzadılacağını qeyd edib.

"Bakının simvollarından biri olan Dənizkənarı Bulvar da əsaslı təmir edilib. Bulvarın 100 il tarixi var. Hesab edirəm ki, bu 100 il ərzində bu cür əsaslı yenidənqurma və təmir işləri ilk dəfə aparılıb. Bulvar genişləndi - biz bulvarı dənizə qədər genişləndirdik. İndi insanlar lap dənizin kənarına çıxa bilərlər. Orada da gəzinti üçün gözəl yerlər var. Xüsusilə yaz-yay aylarında on minlərlə Bakı sakini bulvara gedir və biz bulvarı Bakı sakinlərinə qaytardıq. Çünki hamımız yaxşı xatırlayırıq ki, bir neçə il bundan əvvəl bulvarda gəzintiyə çıxmaq üçün çox az adam tapılardı. Çünki infrastruktur bərbad, xidmət çox aşağı səviyyədə idi, zülmət, qaranlıq, bir dənə də işıq yanmırdı, dirəklər köhnəlmişdi, paslanmışdı. Adam bulvara çıxanda, sözün düzü, xəcalət çəkirdi və beləliklə, biz onu itirirdik. Şəhər sakinləri daha çox – Fəvvarələr bağına, başqa yerlərə üz tuturdular. Ancaq bu gün biz bulvarı şəhərə qaytardıq. Elə şəkildə qaytardıq ki, bu bulvar dünyada bir nömrəli bulvardır. Dəniz kənarında yerləşən başqa şəhərlərdə dənizkənarı bulvarlar var. Amma heç bir yerdə bu gözəllikdə, bu genişlikdə bulvar yoxdur", deyə dövlət başçısı qeyd edib.

"Eyni zamanda, bulvar Bayraq Meydanına qədər uzadılacaq. Orada gəmi təmiri zavodu və köhnədən qalan digər zavodlar yerləşibdir. İndi onların köçürülməsi ilə məşğuluq və hazırda Əl Oyunları Sarayından ta Bayraq Meydanına qədər möhtəşəm, gözəl, yeni bulvar tikiləcək. Beləliklə, - hazırda bulvarın uzunluğu haradasa 4 kilometrə yaxındır, - bulvarın uzunluğu 10 kilometr, bəlkə ondan da çox olacaq", deyə prezident əlavə edib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar