İlham Əliyev: “Azərbaycan etibarlı tərəfdaşdır”
24 Dekabr 2010 Cümə 00:35
“Bakı-Tiflis-Qars dəmir yolunun istifadəyə verilməsi nəticəsində yeni “Dəmir İpək yolu”nun bərpası mümkün olacaq”
“Azərbaycan regional əməkdaşlıq məsələlərinə çox böyük əhəmiyyət verir. Biz regionda gedən proseslərin inkişafı üçün səylərimizi göstəririk. Konkret layihələrin icra edilməsi sahəsində - həm nəqliyyat, həm enerji sahəsində regionda yeni vəziyyət yaranıb və Azərbaycan çalışır ki, iqtisadi imkanlarını səfərbər edərək, bu genişmiqyaslı əməkdaşlığa daha da böyük töhfələr versin”. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının sammitindəki çıxışında deyib. Onun sözlərinə görə, Azərbaycanda iqtisadi proseslər müsbət istiqamətdə inkişaf edir. Dövlət başçısı bildirib ki, son 7 il ərzində Azərbaycanın ümumi daxili məhsulu təxminən 3 dəfə, büdcə xərcləri 12 dəfə artıb: “Yoxsulluq isə 4 dəfə azalıb. Bu, bizə imkan verir ki, daha da böyük həcmdə maliyyə resurslarımızı ümumi məqsədlər üçün işə salaq. Beləliklə, regionda gedən iqtisadi əməkdaşlığa daha da güclü təkan veriləcək. Hər bir ölkənin iqtisadi müstəqilliyini təmin etmək üçün, - xüsusilə indiki zəmanədə, - enerji təhlükəsizliyi məsələləri öz həllini tapmalıdır. Azərbaycan bu sahədə öz töhfəsini verir. Zəngin neft-qaz yataqlarımız nəinki ölkəmizin inkişafı, eyni zamanda, regional əməkdaşlıq üçün də müsbət rol oynayır. Azərbaycanın zəngin neft-qaz yataqları bizə imkan verir ki, təbii resurslarımızı qonşu dövlətlərə nəql edək. Bu gün ölkəmizdən dünya bazarlarına aparan yeddi neft və qaz kəməri var. Azərbaycan öz potensialını bu kəmərlər vasitəsilə realizə edir, eyni zamanda, bu, qonşu, qardaş, dost ölkələrin enerjiyə olan tələbatının müəyyən hissəsini ödəməyə imkan verir. Azərbaycan etibarlı tərəfdaşdır, öz öhdəliklərini həmişə yerinə yetirib və bundan sonra da yerinə yetirəcək. Biz həm təchizatçı, həm də tranzit ölkə, etibarlı tərəfdaş kimi artıq uzun illərdir ki, özümüzü təsdiq etmişik”.

Prezident əminliyini ifadə edib ki, enerji təhlükəsizliyi məsələlərinin uğurla həll olunması nəticəsində hər bir ölkə daha da böyük inamla inkişaf edəcək. Onun sözlərinə görə, gələcəkdə dünyada enerji ilə bağlı məsələlər daha da ciddi müzakirə mövzusu olacaq. Bunu nəzərə alaraq, deyə bilərik ki, enerji təchizatçısı kimi Azərbaycan növbəti illərdə də öz müsbət rolunu oynamağa hazırdır: “Bununla bərabər nəqliyyat sektorunda gedən proseslərə Azərbaycan çox müsbət yanaşır. Bizim icra etdiyimiz layihələr bölgədə yeni nəqliyyat infrastrukturunun yaranmasına gətirib çıxarıb. Azərbaycan Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Ölkəmizin coğrafi vəziyyəti bizə imkan verir ki, hər istiqamətdə öz müsbət rolumuzu artıraq. Bu gün bölgədə inşa edilən Bakı-Tiflis-Qars dəmir yolunun istifadəyə verilməsi nəticəsində yeni “Dəmir İpək yolu”nun bərpası mümkün olacaq. Bu yol nəinki Azərbaycanı Türkiyə ilə birləşdirəcək, eyni zamanda, Avropanı Asiya ilə birləşdirəcək. Beləliklə, iqtisadi səmərə baxımından bu yolun çox böyük önəmi olacaq. Biz bu layihədə çox fəal iştirak edirik. Ümid edirik ki, bu yolun tikintisi yaxın zamanlarda başa çatacaq və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələr də bu imkanlardan əlbəttə ki, istifadə edəcəklər”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar