İçəri Şəhərin konservasiyası üzrə Baş plan təsdiqləndi
12 Noyabr 2010 Cümə 10:25
İçəri Şəhərin konservasiyası üzrə Baş plan azərbaycanlı mütəxəssislər və beynəlxalq ekspertlər qrupu tərəfindən hazırlanıb.
İçəri Şəhərin konservasiyası üzrə Baş Plan təsdiq edilib. Bu barədə məlumatı ANS PRESS-ə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətindən verilib.

Məlumata görə, İdarənin, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Milli Elmlər Akademiyası ilə razılaşdırılmış təklifi nəzərə alınmaqla “Bakının tarixi mərkəzinin konservasiyası üzrə ətraflı Baş Plan” adlı sənəd Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilib.

Qeyd edək ki, dünya şəhərsalma sənətinin nadir nümunələrindən olan İçəri Şəhərin və onun ərazisindəki tarix-memarlıq abidələrinin qorunub saxlanılmasına, bərpasına və konservasiyasına dövlətimiz tərəfindən xüsusi qayğı və diqqət göstərilir. Sözügedən sənəd bu istiqamətdə həyata keçirilən fəaliyyətin tənzimlənməsi və planlaşdırılması üçün Azərbaycan mütəxəssislərinin iştirakı ilə beynəlxalq ekspertlər qrupu tərəfindən hazırlanıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar