İçəri Şəhər bütünlüklə restavrasiya olunacaq
08 Dekabr 2010 Çərşənbə 14:45
İçərişəhər Dövlət Tarix- Memarlıq Qoruq İdarəsinin rəisi Mikayıl Cabbarov Qız Qalasının əsaslı təmirinin nəzərdə tutulduğunu bildirib
"“İçəri Şəhər” bütünlüklə restavrasiya olunacaq". Bu barədə İçərişəhər Dövlət Tarix- Memarlıq Qoruq İdarəsinin rəisi Mikayıl Cabbarov məlumat verib. Onun sözlərinə görə, burada olan abidələrin bərpası ən yüksək şəkildə həyata keçiriləcək.
Xatırladaq ki, İçəri Şəhərin konservasiyası ilə bağlı baş plan hələ 2008-ci ildə hazırlanıb. Bu ilin noyabrında isə Nazirlər Kabineti layihəni təsdiqləyib. Bununla da qoruqda konservasiya işlərinin aparılmasına başlanılacaq.
İçəri Şəhərdə restavrasiya işlərini Almaniya və Avstriyanın məşhur şirkətlərinin mütəxəssisləri həyata keçirəcək. Mikayıl Cabbarovun sözlərinə görə, qurum bu şirkətlərlə artıq iki ildir ki, əməkdaşlıq edir. Restavrasiya işləri çərçivəsində Məhəmməd Peyğəmbər məscidinin, Qız Qalasının da əsaslı təmiri nəzərdə tutulub.
“Bu əməkdaşlığımızın nailiyyəti olaraq əldə edilən nəticələrdən birincisi dünya əhəmiyyətli abidəmiz olan XI əsrə aid Məhəmməd Peyğəmbər (s.ə.s) məscidinin və onun minarəsinin konservasiya və bərpa layihəsi olub. Demək olar ki, minarənin və məscidin fasadında konservasiya işləri tamamlanmaq üzrədir. Qız Qalasının da təxminən 60 kvadrat metr hissəsində- zədələnmiş divarında test konsevrasiya işləri başa çatıb. Amma gələcəkdə tam restvarasiyası nəzərdə tutulub”.
Konservasiya zamanı tikinti bərpa sexləri birliyinin çoxəsrlik iş təcrübəsindən istifadə olunacaq. Belə ki, tikililərin nəm və duzların təsiri nəticəsində zədələnmiş hissələrində suvaq işləri qədim üsulla aparılacaq.
Qeyd edək ki, layihənin reallaşması üçün bu gündən dekabrın 10-dək İçərişəhər dövlət Tarix- Memarlıq Qoruq İdarəsi “Restavrasiyanın nəzəri və təcrübi əsasları” mövzusunda seminara start verib.
DOSTLARINLA PAYLAŞ: