İç Xəbər mükafat alıb
09 Mart 2011 Çərşənbə 23:56
Sevil Yusifova: "Məlum oldu ki, "İç xəbər"ə Azərbaycanın rayonlarında daha çox baxılır".
ANS TV-nin “İç Xəbər” proqramı mükafat alıb. Jurnalist Qadınlar Assosiasiyasının prezidenti Sevil Yusifovanın sözlərinə görə, “İç Xəbər”in mükafat almasına səbəb qadınlar arasında aparılan sorğu nəticəsində bəlli olub.
S.Yusifova deyib ki, sorğu əsasən qadın jurnalistlər arasında aparılıb. Onun sözlərinə görə, onlar Bakı və bir çox rayonları əhatə etməyə çalışıb: “Məlum oldu ki, “İç xəbər”ə Azərbaycanın rayonlarında daha çox baxılır. Bir sözlə, bu sorğunun qalibi beləcə bəlli olub”.
Qeyd edək ki, Аzərbaycanın sosial-ictimai həyatında hadisə sayılan "İç xəbər" verilişi 1998-ci ilin yanvarın 11-də yaradılıb. İlk vaxtlar gündə bir dəfə- gecə saat 00:00-da efirə çıxan bu veriliş iki ay sonra, yəni martın 2-dən düz 2000-ci ilin fevralın 4-nə qədər səhər saat 7:40, 8:40 və 9:40- da yayımlanmağa başlayır. Fevralın 19-dan verilişin səhər buraxılışı dayandırılır və "İç xəbər" tamaşaçılarla görüşə yalnız gecə saatlarında gəlir. Ölkədə baş verən sosial-ictimai, kriminal səpkili xəbərlərlə hər kəsin marağına səbəb olan "İç xəbər" qısa zaman kəsiyində çoxlarının ümid yerinə çevrilir. Şəhid ailəsinin üzvlərindən tutmuş kimsəsizlər, əlillər, evi zəbt edilənlər, o cümlədən, qazı, işığı, suyu kəsilənlər də, hüquq-mühafizə orqanlarının süründürməçiliyindən bezənlər də, yalnız bir ünvan tanıyır - ANS-i, onun "İç xəbər" verilişini. Yalnız 2002-ci ildə "İç xəbər" bir müddət fəaliyyətini dayandırır. 2004-cü il yanvarın 5-dən veriliş təkrar ekranlara qayıdır və o vaxtdan bu günə qədər tamaşaçıların ən çox sevdiyi xəbər buraxılışlarından biridir. Bərpasından sonra yalnız gecə saat 00.30-da efirə çıxan "İç xəbər"ə tamaşaçılar artıq bir neçə ildir ki, həm günorta saat 15:30-da, həm də gecə 23:00-da baxa bilirlər. Layihənin rəhbəri Zənurə Talıbovadır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: