Hicabla bağlı qəbul olunmuş qərar həyata keçiriləcək
29 Dekabr 2010 Çərşənbə 13:05
Misir Mərdanov İran ruhanisinin məktəblərdə hicaba qadağa qoyulması ilə bağlı fikirlərinə münasibət bildirib
“Hicabla bağlı qəbul olunmuş qərar həyata keçiriləcək. Heç kim buna şübhə etməsin”. Bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov İran İslam Respublikasının ruhanisi, Ayətullah Nasir Məkarim Şirazinin Azərbaycan orta məktəblərində hicaba qadağa qoyulması barədə qərarla bağlı fikirlərinə münasibət bildirərkən deyib.

Nazir deyib ki, bu məsələdə əsas məqsəd Azərbaycan qanunlarına hörmət etməkdir: “Biz hamını buna dəvət edirik. Əminəm ki, bu işimiz uğurlu olacaq. Bu iş heç kəsə, o cümlədən İslam dininə, müsəlmançılığa qarşı qoyulmayıb. Əslində bizim gördüyümüz iş İslamın nüfuzunu artırmaq üçün atılan addımdır. Mən bunu məsuliyyət hissi ilə deyirəm”.

Qeyd edək ki, Ayətullah Nasir Məkarim Şirazi Azərbaycandakı orta məktəblərdə hicaba qoyulan qadağa ilə bağlı açıqlamasında Azərbaycan müsəlman ölkəsi olduğu üçün İslam ehkamlarına, o cümlədən hicaba riayət olunmasının vacibliyini vurğulayıb: “Əhali dinc yollarla İslama zidd göstəriş və qərara qarşı müqavimət göstərsin və bu müsəlman ölkəsində İslam müqəddəslərinə qarşı çıxılmasına icazə verməsin. Qeyrətli Azərbaycan əhalisi düzgün olmayan belə bir göstərişlə razılaşmamalıdır. Azərbaycanın möhtərəm rəsmilərinə də məsləhətdir ki, əcnəbilərin təhrikinə aldanmayıb öz insanlarının səsini eşitsinlər. Mən lazım və vacib olanı bəyan etdim”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar