Hicabla bağlı məsələlər heç də öz-özünə gündəmə gəlmir
15 Dekabr 2010 Çərşənbə 14:20
“Düşünürəm ki, hicabla bağlı məsələlər heç də öz-özünə gündəmə gəlmir”.
APA-nın xəbərinə görə, bunu Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova bildirib: “Bu məsələlərin hansısa dairələr tərəfindən hər zaman idarə olunaraq ictimai gündəmə gətirilmə cəhdlərinin mövcudluğunu istisna etmirəm. Orta məktəblərdə hicab məsələsinə gəlincə, təhsil haqqında qanun və orta məktəblərin daxili izamnamələri var, bunlara əməl edilməlidir”. B. Muradova deyib ki, Azərbaycan məktəblərində vahid məktəbli forması geyinmək şərti qoyulub, buna hər kəs əməl etməlidir: “Biz bu məsələdə Təhsil Nazirliyinin mövqeyini dəstəkləyirik. Hesab edirəm ki, valideynlər də uşaqlarına ideoloji cəhətdən öz fikirlərini düşünülmüş şəkildə qəbul etdirmək istiqamətində addımlar atarkən ciddi düşünməlidirlər”.

B. Muradova tələbələrin ali məktəblərə hicabla getmələri barədə verilən suala cavabında bunları deyib: “Şəxsən mən təhsil müəssislərində, kollektivlərdə öz dini baxışlarını açıq şəkildə nümayiş etdirməyin tərəfdarı deyiləm. Bu hər kəsin daxili, vicdan işidir. Hansı dinə mənsubluğunu ortaya qoymaq eyni zamanda başqasına qarşı təsir kimi qəbul edilir”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar