Heydər Əliyevin bağlı ispan dilində saytyaradılıb
09 Dekabr 2010 Cümə Axşamı 14:10
Ümummilli liderlə bağlı ispan dilində sayt yaradılıb
Azərbaycan Respublikasının Meksikadakı səfirliyi tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinin yad edilməsi münasibəti ilə xalqımızın dahi şəxsiyyətinin həyat və fəaliyyətinə həsr edilmiş ispan dilində internet səhifəsi hazırlanıb. Səfirliyin mətbuat xidmətindən verilən məlumata görə, ispan dillində olan internet səhifəsinin ünvanı: www.heydar-aliyev.mx - dir.

İnternet səhifəsində ulu öndərin bioqrafiyası, keçdiyi həyat yolu və xalqın gələcəyi naminə uzaqgörənliklə düşünülmüş siyasi-iqtisadi strategiyası, dünyanın məşhur siyasətçiləri və ictimai xadimlərinin Heydər Əliyev haqda xatirələri və şəxsi fikirləri, habelə Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs edilir.

Qeyd edək ki, 1982-ci ilin aprel ayında SSRİ-nin yüksək səviyyəli nümayəndə heyəti Heydər Əliyevin rəhbərliyi ilə Meksikaya işgüzar səfər edib. İnternet səhifəsində, ulu öndərin Meksikaya səfərinə dair geniş ictimaiyyətə məlum olmayan arxiv materialları, o cümlədən Heydər Əliyevin Meksika prezidenti ilə görüşü və səfər haqda Meksika Konqresi və digər dövlət arxivlərindən əldə edilmiş videoyazılar, fotoşəkillər və beynəlxalq mətbuat tərəfindən dərc edilmiş məqalələr yerləşdirilib.

Eyni zamanda saytda, Azərbaycan haqqında, Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizin həyata keçirdiyi xarici siyasət kursu və beynəlxalq təşkilatlarla əməkdaşlıq tarixi, habelə Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımına dair məlumatlar yer alıb.

Qeyd edək ki, yaradılmış internet səhifəsi bütünlüklə ispan dilində hazırlanaraq, Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş ilk ispan dilli internet mənbəyidir. İnternet səhifəsi, erməni icmalarının sıx məskunlaşdığı Latın Amerikası regionunda Azərbaycan həqiqətləri barədə ispan dilli mətbuatda mövcud olan informasiya boşluğunun aradan qaldırılması istiqamətində növbəti addım olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar