Həkimlər sınağa çəkilir
05 Yanvar 2011 Çərşənbə 23:25
Azərbaycanda yeni ilin ilk iş günü tibb işçiləri üçün imtahanla başlayıb
Yeni ilin ilk iş günü həkimlər üçün imtahanla başladı. İlk olaraq sınağa ginekoloqlar və terapevtlər çəkilir. 100 sualdan ibarət testin suallarını bu gün cavablandıran 4 mama-ginekoloq və 19 terapevt öz biliklərindən əmin olub və imtahanın gedişindən razı qalıb. Bu imtahandan müvəffəqiyyətlə çıxan, yəni 100 sualın ən azı 60-a düzgün cavab verən tibb işçiləri ikinci mərhələdə 11 nəfərlik komissiya qarşısında cavab verəcək. İkinci mərhələdə sağlamlığın keşiyində duranların etik davranışı və ixtisası üzrə praktik savadları yoxlanılacaq. Testdən keçməyən tibb işçilərinə ikinci dəfə imtahan vermək imkanı yaradılacaq. Sınaqdan keçə bilməyənlərə tibb işçisi kimi fəaliyyət göstərmək qadağan ediləcək. Amma bu sahədə istisnalar da var.

Səhiyyə nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib ki, ixtisasından, vəzifəsindən asılı olmayaraq bütün praktik tibb fəaliyyəti ilə məşğul olanlar bu imtahandan keçməlidir. İmtahandan keçməyənlər 5 il ərzində Tibb Universitetinin, tibb məktəblərinin məzunu olanlar, tək olaraq 5 yaşına qədər uşaq böyüdənlər, hamilə olanlar sertifikasiyadan azaddırlar.

Respublikada ümumilikdə 30 min həkim və 60 min orta tibb işçisi var. Onların attestasiyası prosesi 5 il müddətində davam edəcək. Əvvəlcə Bakıda səhiyyə işçiləri, daha sonra isə rayonlardakı həkim və tibb bacıları sınaqdan keçiriləcək. Bölgələrdə imtahanları xüsusi səyyar qruplar təşkil edəcək. İmtahandan uğurla keçən tibb işçilərinə sertifikatlar təqdim ediləcək, yəni bir müddətdən sonra həkim yanına gedən xəstə tibb işçisindən sertifikatı olub-olmadığını soruşa bilər. Bu sənəd xəstə üçün həkimin peşəkarlığına bir növ əlavə sübut olacaq.

Qeyd edək ki, tibb işçilərinin attestasiyası prezidentin sərəncamına əsasən Nazirlər Kabinetinin təsdiqlədiyi qaydalara uyğun həyata keçirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar