Həftəsonu hava necə olacaq?
17 Dekabr 2010 Cümə 11:35
Paytaxtda və rayonlarda külək güclənəcək
Həftəsonu Bakıda və Abşeron yarımadasında dumanlı, yağmursuz hava şəraiti hökm sürəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, sabah gecə və səhər bəzi yerlərdə zəif duman müşahidə ediləcək. Cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq, gecəyə doğru yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gecə 9-11° isti, günün birinci yarısında 16-19°, axşama doğru 10-12° isti olacaq.
Dekabrın 19-da havanın arabir tutulacağı, 18-dən 19-na keçən gecə yarımadanın bəzi yerlərində az yağış yağacağı ehtimal olunur. Gün ərzində əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək,
18-dən 19-na keçən gecə arabir güclənəcək, gündüz mülayimləşəcək, axşam cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-10° isti, gündüz 12-14° isti olacaq.
Dekabrın 20-də də hava arabir tutulacaq. Lakin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-10° isti, gündüz 13-15° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında şənbə günü əsasən yağmursuz hava, gecə və səhər bəzi yerlərdə duman proqnozlaşdırılır. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 15-20° isti, dağlarda gecə 1-5° isti, gündüz 13-18° isti olacaq.
Dekabrın 18-dən 19-na keçən gecə və səhər bəzi şimal və qərb rayonlarında az yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək, 19-da gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 12-15° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-12° isti təşkil edəcək.
DOSTLARINLA PAYLAŞ: