Həccdən qayıdan I avtobus Bakıya çatıb
24 Noyabr 2010 Çərşənbə 15:25
İkinci avtobus karvanının da gecə saatlarında Azərbaycana çatacağı gözlənilir
Azərbaycanlı hacıları Azərbaycana gətirən I avtobus karvanı Azərbaycana çatıb. Bu barədə ANS PRESS-ə Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib.

"Birinci avtobus karvanının bir neçə avtobusu Bakıya çatıb. Qalan avtobuslarda bir-bir şəhərə yaxınlaşırlar. İkinci avtobus karvanının da gecə saatlarında Azərbaycana çatacağı gözlənilir”, deyə R. Dadaşova qeyd edib.

QMİ rəsmisinin sözlərinə görə, hacıların vətənə dönmə vaxtı daha dəqiq avtobusların sürətindən asılıdır.

Təyyarə ilə qayıdan hacıların 3-cü qrupu da bu gün vətənə qayıtmalıdır.

“Artıq təyyarə göndərilib. Onun axşam saatlarında gəlməsi planlaşdırılıb. Texniki məsələlər həll edilən kimi yola düşəcək”, deyə R. Dadaşova bildirib.

QMİ-nin mətbuat katibi sonuncu hacı qrupunun sabah Azərbaycana qayıdacağını qeyd edib. Onlar təyyarə ilə Ciddə hava limanını tərk edəcəklər.

Xatırladaq ki, bu il Azərbaycana Həcc ziyarəti üçün ayrılan 2 min kvotanın hamısı dolub. Lakin zəvvarlardan biri Məkkədə, ikisi Suriyada, beşi isə ötən gün Türkiyənin Sivas şəhərində yol qəzasında dünyasını dəyişib. Şamaxı rayonunun axundu isə vətənə qayıtdıqdan sonra yol qəzasında həlak olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar