“Hazırda Azərbaycanda müşahidə olunan mülayim hava şəraiti dekabr ayına xas deyil. Qonşu dövlətlərdə, eyni zamanda Qərbi Avropada anomal soyuq hava şəraitinin müşahidə edilməsinə baxmayaraq, Azərbaycanda hazırda qeydə alınan temperatur çoxillik iqlim normasından 5 dərəyədək yüksəkdir”.
Bunu
APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva deyib. Onun sözlərinə görə, havanın belə mülayim keçməsinə səbəb orta atmosferdə bərqərar olmuş qərbi hava axınlarının istiqamətinin soyuq hava kütlələrinin ölkə ərazisinə müdaxiləsinə imkan verməməsidir. Buna görə də bu həftənin sonunadək ölkə ərazisində atmosfer sirkulyasiyasının dəyişməsi gözlənilmir. Bununla əlaqədar yaxın günlərdə hava şəraitində də mühüm dəyişiklik olmayacaq.
U.Tağıyeva deyib ki, yaxın günlərdə Bakı və Abşeron yarımadasında havanın temperaturu ötən günlərdən çox az fərqlənərək günorta saatlarında 13-15, Aran rayonlarında 14-18, dağlarda 9-14 dərəcə isti olacaq. Lakin həftənin əvvəlinə nisbətən son günlərində hava bir qədər küləkli olacaq. Dekabrın 17-18-də günün birinci yarısınadək arabir güclənən cənub küləyi əsəcək. Dekabrın 18-i axşam cənub küləyi güclü şimal küləyi ilə əvəzlənəcək. Dekabrın 19-da günün ikinci yarısında külək yenidən mülayimləşəcək. Yaxın üç gün ərzində əksər rayonlarda havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər saatlarında bəzi rayonlarda duman müşahidə ediləcək. Yalnız şimal, bəzi şimal-qərb rayonlarında dekabrın 18-dən 19-a keçən gecə az yağıntı olacağı istisna edilmir.
U. Tağıyeva deyib ki, Azərbaycan ərazisində anomal hava şəraitinin müşahidə edildiyi dekabr ayları əvvəlki illərdə də qeydə alınıb.