Hacıların gətirilməsi üçün Türkiyəyə təyyarə göndəriləcək
04 Dekabr 2010 Şənbə 03:45
Sabah göndərilməsi nəzərdə tutulan təyyarə ilə 8 hacı Azərbaycana qayıdacaq
Həcc ziyarətindən qayıdarkən baş verən qəzada yaralanan və hazırda Türkiyənin üç şəhərindəki xəstəxanada olan yaralı zəvvarların vətənə gətirilməsi üçün Azərbaycan dövlət başçısının dəstəyi ilə Sivas bölgəsinə xüsusi təyyarə göndəriləcək. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib. O bildirib ki, təyyarənin Sivasa sabah göndərilməsi nəzərdə tutulub.
Qeyd edək ki, hacılardan 7 nəfəri Sivas, 1 nəfəri Kayseri, 1 nəfəri isə Adana xəstəxanasındadır. Sivasdakı xəstəxanada olan 7 zəvvardan 6 nəfəri yaralıdır, 1 nəfər isə yaralı olan həyat yoldaşına yardım etmək üçün onun yanında qalıb.
Xatırladaq ki, noyabrın 23-də azərbaycanlı zəvvarları vətənə gətirən avtobus Türkiyənin Sivas bölgəsində qəzaya uğrayıb. Hadisə nəticəsində 5 nəfər ölüb, 29 nəfər yaralanıb. Ölənlərin meyitləri və yaralılardan 20 nəfəri noyabrın 24-dən 25-nə keçən gecə xüsusi təyyarə ilə Bakıya gətirilib. Avtobusun sürücüsü Asif Babayev həbs olunub.
DOSTLARINLA PAYLAŞ: