Hacıların avtobusunun qəzaya uğramasının səbəbi açıqlandı
24 Noyabr 2010 Çərşənbə 13:50
Hadisəyə yağmurlu hava şəraiti səbəb olub
Azərbaycanlı zəvvarları Vətənə gətirən avtobusun Türkiyənin Sivas bölgəsində qəzaya uğramasının səbəbləri məlum olub. Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov APA-ya bildirib ki, hadisəyə yağmurlu hava şəraitində sürücünün idarəetməni itirməsi səbəb olub. Diplomat bu səbəbdən hadisə ilə bağlı cinayət işinin başlanmayacağını deyib.
Hazırda hadisə yerinə yollandığını, təxminən bir saat sonra Sivasda olacağını deyən səfir qəzada ölən və yaralananların dəqiq sayını açıqlayıb: “Hadisə nəticəsində 5 Azərbaycan vətəndaşı həlak olub, 29 nəfər yaralanıb. Yaralılardan 7-nin vəziyyəti ağırdır”.
Səfir F. Bağırov Sivas bölgəsi rəsmilərinin hadisə ilə yaxından maraqlandıqlarını da vurğulayıb: “Xilasetmə dəstələri təxminən 3-4 saat müddətində çətin şəraitdə çalışıb. Yaralılara kömək göstərilib, onlar xəstəxanalara yerləşdiriliblər. Sivas Valiliyi, digər qurumlar, habelə qonşu rayonların rəsmiləri tərəfindən də hər cür yardımlar edilib”.
Qeyd edək ki, noyabrın 23-də azərbaycanlı zəvvarları Vətənə gətirən avtobus Türkiyənin Sivas bölgəsində qəzaya uğrayıb. Hadisə nəticəsində 5 nəfər ölüb, 29 nəfər yaralanıb.
DOSTLARINLA PAYLAŞ: