Güclü külək qatarların hərəkətinə mane olub
07 Fevral 2011 Bazar Ertəsi 11:40
Bakı-Balakən, Bakı-Tiflis və Bakı-Qazax sərnişin qatarlarının hərəkətində saat yarım fasilə olub
Dünən əsən güclü külək nəticəsində Bakıdan gedən yük və sərnişin qatarlarının hərəkətində problem yaranıb. Bu barədə Azərbaycan Dövlət Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov ANS PRESS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, problem Qaradağ-Puta mənzilində təmas xətlərinin qırılması nəticəsində yaranıb.

“Güclü külək nəticəsində şəbəkədə elektrik açılmaları baş verib və təmas xətləri qırılıb. Qəza Qaradağ-Puta mənzilində, əsasən 2 yerdə qeydə alınıb. Bunun nəticəsində də, Bakı-Balakən, Bakı-Tiflis və Bakı-Qazax sərnişin qatarlarının hərəkətində saat yarım fasilə olub”, söyləyən N.Əzməmmədov hazırda problemin qismən aradan qaldırıldığını bildirdi.

Qatarlarda gecikmə saatını tənzimləmək üçün onlara əlavə köməkçi yollar və qatarlara əlavə sürət verilib. QSC rəsmisi artıq qəza baş verən xətlərin birinin tam bərpa olunduğunu, digərinin yaxın vaxtlarda bərpa olunacağını qeyd edib.

Qəza nəticəsində Bakıya gələn qatarların hərəkətində heç bir problem yaranmayıb, stansiyalarda sərnişin sıxlığı qeydə alınmayıb. Nadir Əzməmmədov onu da bildirdi ki, dünən qırılmanın baş verdiyi ərazidə küləyin sürəti saniyədə 35 metrə çatıb. Normal halda isə bu rəqəm 25 m/san olmalıdır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar