Gənclik mehmanxanası sökülür
19 Yanvar 2011 Çərşənbə 15:30
Gənclik mehmanxanasının sökülməsinə başlanılıb.
Bakının daha bir mehmanxanası tarixin yaddaşına köçür. Fəaliyyətini bir neçə il əvvəl dayandırmış məhşur "Gənclik" mehmanxanası sökülür. Artıq bir-neçə gündür ki, Nərimanov rayonu ərazisində yerləşən “Gənclik” mehmanxanasının sökülməsinə başlanılıb. Mehmanxanının ətrafı hasarlanıb və ərazidə qaldırıcı kran quraşdırılıb. Binanın yuxarı hissəsində artıq bir neçə mərtəbə sökülüb.
Mehmanxanın sökülmə işləri ilə bir arada ətraf binalarda yenidənqurma və bərpa işləri aparılır. Sökülən mehmanxanaya bitişik olan beşmərtəbəli binanın fasadlanmasına başlanıb. Sökülmə işləri ila bağlı ərazidə işləyən şəxslərdən məlumat almaq cəhdlərimiz baş tutmadı. Biz də Nərimanov rayon İcra Hakimiyyətinə üz tutduq. Qurumun təsərrüfat şöbəsinin müdiri Hüseyn Cəfərov Milli.Az-a açıqlamasında bildirdi ki, sökülmə işləri Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Departamenti tərəfindən aparılır.
Şöbə müdiri qeyd etdi ki, mehmanxanın yerində hər hansı yeni tikintinin aparılacağından məlumatsızdır: “Mənə məlum olan odur ki, mehmanxanın yanında, “Atatürk” parkının qarşısındakı meydanda yeratlı avtomobil dayanacağı tikiləcək. Böyük ehtimal ki, mehmanxananın yerində heç nə inşa olunmayacaq”.
Xatırladaq ki, son bir neçə il ərzində Bakıda köhnə “Azərbaycan”, “Bakı”, “Moskva”, "Muğan", “Abşeron” və “Qarabağ” mehmanxanaları sökülüb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: