Ölkə

Gəncəli zərgər qiymətli metaldan maket hazırlayıb

Çökək hamamın maketinə 1,5 kq mis, 200 qr gümüş və digər qiymətli metallar işlənib.

· Xəbərçi
Gəncəli zərgər qiymətli metaldan maket hazırlayıb
Gəncə sakini qiymətli metallardan şəhərin qədim tarixi abidələrinin maketini hazırlayıb. 12 ildir zərgərlik sənəti ilə məşğul olan Arzu Əliyev 16-cı əsr Şah Abbas Məscidindən sonra indi də qədim Çökək hamamın maketini başa çatdırıb. Gənc zərgər 4 aya hazır olan maketə 1,5 kiloqram mis, 200 qram gümüş və digər qiymətli metallar işləndiyini bildirib. Təxminən 3 kiloqram çəkisi olan fiqurun eni 11, uzunluğu 25, hündürlüyü isə 5 sm-dir. “Çökək hamam” modeli qalınlığı 1, uzunluğu 3 millimetr olan 1500 ədəd mis “kərpiç”lərlə, dam hissəsi isə mərmər və gümüş tozu ilə işlənib.

Qeyd edək ki, Arzu Əliyev 2 il əvvəl Şah Abbas Məscidinin maketini hazırlayanda da ictimaiyyətin diqqətini cəlb etmişdi. 8 aya başa gəlmiş maketin hazırlanmasına 15 qram 583 əyarlı qızıl, 900 qram gümüş, 302 qram mis, sink və tunc işlənib. Məscidin divarlarına eni 1, uzunluğu isə 3 millimetr olan 10 min mis “kərpiç” sərf olunub. Bundan başqa gümüşdən hazırlanan gümbəzin aşağı dairəvi hissəsində qızıldan “Ayətül-Kürsü”, digər hissəsinə isə Məhəmməd Peyğəmbərin (S.Ə.S) adı yazılıb.

Hazırda gənc zərgər şəhərdəki “Uğurlu bəy karvansarayı” üzərində araşdırmalar aparır. A.Əliyev yaxın günlərdə karvansarayın maketi üzərində işə başlamağı planlaşdırır. ANSPRESS

Şərhlər