Fuad Ələsgərov: “Korrupsiyaya qarşı mübarizə prinsipial xarakter alıb”
04 Mart 2011 Cümə 00:41
Fuad Ələsgərov: “Prezidentə, Prezident Administrasiyasına, Korrupsiyaya qarşı mübarizə komissiyasına regionlardan çoxsaylı təşəkkür məktubları daxil olur”.
Azərbaycanda korrupsiyaya qarşı effektiv mübarizə tədbirləri bu gün başlamayıb. Bunu “Azərbaycan” qəzetinə müsahibəsində Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov deyib. Onun sözlərinə görə, korrupsiyanın istənilən cəmiyyətə xas bir təzahürdür: “Bu mübarizə həmişə olub. Azərbaycanda da korrupsiyaya qarşı mübarizə daim aparılıb. Belə ki, son 10 il ərzində ardıcıl olaraq bu istiqamətdə lazımi qanunvericilik və institusional baza yaradılıb və praktiki tədbirlər həyata keçirilmişdir. Hələ vaxtilə ümummilli liderimiz Heydər Əliyev korrupsiyaya qarşı mübarizə məqsədilə müvafiq fərman imzalayıb. Onun təşəbbüsü ilə korrupsiyaya qarşı mübarizə haqqında qanun layihəsi Milli Məclisə göndərilib və 2004-cü ildə qəbul olunmuşdur. Qanunla eyni vaxtda müvafiq Dövlət Proqramı da təsdiq edilib. Dövlət Proqramı korrupsiyaya qarşı mübarizə sahəsində normativ hüquqi aktların qəbul edilməsini, dövlət qulluğuna qəbul və dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsini, iqtisadi və sosial sahədə, dövlət orqanları, o cümlədən hüquq-mühafizə orqanlarının fəaliyyəti sahəsində tədbirlərin həyata keçirilməsini nəzərdə tutub, eyni zamanda, institusional mexanizmlər - korrupsiyaya qarşı mübarizə üzrə komissiya və baş prokurorun yanında korrupsiyaya qarşı mübarizə idarəsi yaradılıb. Dövlət Proqramının reallaşmasının nəticələri artıq özünü göstərir. Məsələn, konkret bir misal. 2005-ci ildən başlayaraq dövlət qulluğunun bütün sahələrində qulluğa qəbul şəffaflıq əsasında həyata keçirilir. Hər bir vətəndaş yalnız öz bilik və bacarıqlarına əsaslanaraq tam transparent şəraitdə dövlət qulluğuna qəbul edilir. Bu isə öz növbəsində dövlət orqanlarına etimadı artırır, digər tərəfdən isə korrupsiyaya qarşı mübarizəyə öz töhfəsini verir”.
“Korrupsiyaya qarşı mübarizənin həyata keçirilməsində ən vacib şərtlərdən biri də ədalətli, qərəzsiz və müstəqil məhkəmə sisteminin qurulmasıdır”, - deyən Prezidnt Administrasiyası rəsmisinin sözlərinə görə, son illər məhkəmə sistemində həyata keçirilən islahatlar belə neqtaiv halların aradan qaldırılmasına yönəlib. Qanunvericiliyə edilən əlavələrə görə fiziki və hüquqi şəxslər hakimlər barəsində korrupsiya ilə əlaqədar hüquq pozmaları barədə birbaşa Məhkəmə-Hüquq Şurasına müraciət edə bilərlər. Bundan əlavə, yeni məhkəmə institutları yaradılıb. Məsələn, 2011-ci il yanvarın 1-dən yeni inzibati məhkəmələr fəaliyyətə başlayıb. Qanun inzibati icraat çərçivəsində vətəndaşlar ilə dövlət arasında münasibətlərin tənzimlənməsinə, inzibati idarəçiliyin sadələşdirilməsinə və səmərəliliyinin artırılmasına xidmət edir. Qanunvericilik inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanların fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini müəyyən edir, həmçinin inzibati şikayətlər üzrə icraat, inzibati orqanların və vəzifəli şəxslərin məsuliyyətinə dair məsələləri nizama salır.
Fuad Ələsgərov deyib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən dövlət orqanlarına müvafiq praktiki tədbirlərin görülməsi barədə göstərişlər verilib. Korrupsiya, süründürməçilik, qeyri-şəffaflıq, sahibkarların əsassız yoxlama hallarına qarşı mübarizə prinsipial xarakter alıb: “Görülən işlərin müsbət nəticələrini vətəndaşlarımız da öz müraciətlərində qeyd edir. Artıq Azərbaycan Respublikasının Prezidentinə, Prezident Administrasiyasına, Korrupsiyaya qarşı mübarizə komissiyasına bütün regionlardan çoxsaylı təşəkkür məktubları daxil olub. Praktiki tədbirlər sırasında bütün dövlət orqanlarında alınan rüsumların siyahısı www.rusum.az saytında öz əksini tapıb. Bundan əlavə, müvafiq dövlət orqanları da öz saytlarında onlara aid rüsumların siyahısını verib və həmin rüsumların avtomatik hesablanması üçün kalkulyatorlar müəyyən edilib. Eyni zamanda, gömrük, vergi və ədliyyə orqanlarında rüsumlarla bağlı müvafiq elektron məlumat tabloları yerləşdirilib”. anspress
DOSTLARINLA PAYLAŞ: