FHN tikinti şirkətlərinə xəbərdarlıq etdi
10 Fevral 2011 Cümə Axşamı 19:35
Kəmaləddin Heydərov: "Qanunun tələblərinə riayət etməyənlərlə bağlı martın 1-dən başlayaraq ciddi tədbirlər görüləcək"
Bu gün Fövqəladə Hallar Nazirliyində dövlət və özəl tikinti şirkətlərinin rəhbərlərinin, mərkəzi icra hakimiyyəti orqanlarının tikinti təşkilatlarının nümayəndələrinin, nazirliyin tikintidə təhlükəsizliyə nəzarət məsələləri üzrə cavabdeh şəxslərinin iştirakı ilə görüş keçirilib. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, görüşdə çıxış edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov dünyada baş verən iqtisadi böhrana baxmayaraq Azərbaycan iqtisadiyyatının dinamik templə inkişaf etdiyini qeyd edərək, prezident İlham Əliyevin uğurlu iqtisadi siyasəti sayəsində ölkəmizin ciddi uğurlara imza atdığını bildirib. Nazir sabit sosial siyasətin nəticəsi olaraq tikinti sektorunda da sürətli inkişaf tendensiyasının müşahidə edildiyini diqqətə çatdırıb.

Bununla yanaşı K.Heydərov təəssüf hissi ilə bildirib ki, 2005-ci ilədək bu sahədə aparılan tikinti-quraşdırma işlərinin layihələrə, tikinti norma və qaydalarına, istifadə olunan tikinti materiallarının standartlara uyğunluğuna sistemli dövlət nəzarəti həyata keçirilməyib. Hətta çoxmərtəbəli binaların, insanların kütləvi şəkildə istifadə etdikləri obyektlərin təsadüfi, tikinti sahəsində müvafiq bilik və təcrübəyə malik olmayan şəxslər tərəfindən inşa edilməsi, dövlət ekspertizasından keçməyən, heç bir kommunal şəraiti olmayan və kommunikasiya xətlərinə qoşulmayan yaşayış evlərinin istismara verilməsi sakinlərin haqlı narazılıqlarına səbəb olub.

Nazirin sözlərinə görə, prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi yarandıqdan sonra ölkə ərazisində, o cümlədən Bakı şəhərində geniş vüsət almış tikinti işlərində təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə dövlət nəzarəti aparılmağa başlanıb və bu istiqamətdə ciddi addımlar atılıb. Bu addımlardan biri kimi hazırda yerli mütəxəssislərin və xarici ekspertlərin iştirakı ilə "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi"nin layihəsi üzərində iş gedir və layihənin yaxın vaxtlarda müzakirəyə çıxarılması nəzərdə tutulur.

İclasa yekun vuran fövqəladə hallar naziri Kəmaləddin Heydərov tikinti təşkilatlarını və firmalarını respublikada inşa olunan obyektlərin tikintisində keyfiyyətin yüksəldilməsi və təhlükəsizliyin təmin olunması istiqamətində nazirlik tərəfindən həyata keçirilən kompleks tədbirlərin reallaşdırılmasında fəal iştirak etməyə çağırıb. Nazir eyni zamanda xəbərdar edib ki, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət etməyən bütün fiziki və hüquqi şəxslərlə bağlı cari ilin mart ayının 1-dən başlayaraq ciddi tədbirlər görüləcək, həmçinin, materiallar hüquq-mühafizə və məhkəmə orqanlarına göndəriləcək.



DOSTLARINLA PAYLAŞ:

oyunlar