FHN-nin qarşısında etiraz aksiyası keçirilib
02 Noyabr 2010 Çərşənbə Axşamı 13:20
Aksiya iştirakçıları “Muray” MMC-dən şikayətçidirlər.
Bu gün saat 11:50-dən başlayaraq Fövqəladə Hallar Nazirliyinin qarşısında bir qrup insan etiraz aksiyası keçirib. ANS PRESS-in məlumatına görə, aksiyaçıların etirazı Yasamal rayonu Yeni Yasamal massivi Xiyabanı 18 ünvanında tikinti aparan “Muray” MMC tikinti şirkətindəndir. Narazı sakinlərin ANS PRESS-ə verdiyi məlumata görə, “Muray” MMC həmin ünvanda yeni tikilən iki 14 mərtəbəli binadakı eyni mənzilləri 6-7 nəfərə satıb.
“Mən 2008-ci ildə “Muray” MMC tikinti şirkətinə 35500 manat pul vermişəm. 2009-cu ildə həmin ev 3 adama satılıb. Hazırda həmin evin 4 sahibi var. Bununla bağlı dəfələrlə şikayət etmişik. İndi də aksiya keçirtməyə məcbur olduq”, - deyə şikayətçi Mətanət Məmmədova qeyd etdi.
Fövqəlada Hallar Nazirliyinin nümayəndələri aksiya iştirakçılarından 5 nəfəri qəbul edib. Nazirliyin qəbulunda olan şikayətçilərdən biri Mehparə Baxşıyeva ANS PRESS-ə məlumatında hazırda qəbul otağında gözlədiklərini bildirdi.
Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, hazırda məsələ araşdırılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: