Bakı. Rəşad Süleymanov – APA. Belarus Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) üçün texnika tədarük edə bilər.
APA-nın «Belteradiokompaniya»ya istinadən verdiyi məlumata görə, bu məsələ Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun Belarusa səfəri zamanı müzakirə olunub.
Səfər çərçivəsində azərbaycanlı nazir yeni yanğınsöndürmə texnologiyaları və xilasedicilərin yeni təchizatı ilə tanış olub. Azərbaycan nümayəndə heyətinə neft rezervuarlarında yanğınların söndürülməsi üçün tətbiq olunan yanğınsöndürmə vasitəsi barədə məlumat verilib. Nazir K. Heydərov belaruslu mütəxəssislərin rezervuarlarda yanğınların söndürülməsi üçün yaratdığı ixtiranın Azərbaycan nümayəndə heyətində böyük maraq doğurduğunu vurğulayıb.
Səfər çərçivəsində K. Heydərov Minskdə Belarus FHN-in Komandanlıq və Mühəndislik İnstitutunda təhsil alan azərbaycanlı tələbələrlə də görüşüb.
Belaruslu həmkarı Ənvər Bariyevlə görüşdə isə Azərbaycan və Belarusun müvafiq qurumları arasında əməkdaşlıq əlaqələri müzakirə olunub. Ə. Barıyev bildirib ki, Azərbaycana Belarus xilasetmə texnikaları və xüsusi iş paltarının çatdırılması planlaşdırılır.
Qeyd edək ki, səfər çərçivəsində ötən gün Azərbaycan və Belarus FHN-ləri arasında növbəti illər üzrə əməkdaşlıq proqramı imzalanıb.