Fevralda 2,2 faizlik bahalaşma olub
05 Mart 2011 Şənbə 00:46
Bununla belə, bəzi ərzaq məhsulları, o cümlədən çörək isə ucuzlaşıb
2011-ci ilin fevral ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 2,2 faiz bahalaşıb. ANS PRESS-in Dövlət Statistika Komitəsinin internet saytına istinadən verdiyi məlumata görə, ay ərzində ərzaq məhsullarının qiymətləri 2,2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,1 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri isə 4,3 faiz artıb.
Ötən ay ərzaq məhsullarından düyünün, manna yarmasının, makaron və spagettinin, qoyun ətinin, toyuq və toyuq budunun, təzə balığın, pendirin, xamanın, yumurtanın, kərə yağının, bitki yağlarının, limonun, portağalın, naringinin, bananın, almanın, armudun, heyvanın, narın, xurmanın, şabalıdın, kələmin, göyərtinin, çuğundurun, kökün, xiyarın, pomidorun, bibərin, sarımsağın, soğanın, kartofun qiyməti bahalaşıb. Eyni zamanda ay ərzində bahalaşma ilə yanaşı, bəzi ərzaq məhsullarının qiymətlərində ucuzlaşma da müşahidə olunub ki, bu əsasən buğda ununun, qarabaşaq yarmasının, çörəyin, pasterizə olunmuş üzlü südün qiymətlərində qeydə alınıb.
Qış mövsümünün son ayında qeyri-ərzaq mallarından bəzi geyim və ayaqqabıların qiymətlərində ucuzlaşma müşahidə olunub. Bundan əlavə pambıq, ipək və yun parçaların, inşaat materiallarından kəsilmiş taxtaların, ağac lifli lövhələrin, vannaların, sementin, yumşaq mebel dəstinin qiymətləri ucuzlaşıb. Ucuzlaşma ilə yanaşı, ay ərzində inşaat materiallarından boyaların, divar üçün kağızların, parket üçün lakın, pəncərə şüşəsinin, ağac yonqar lövhələrin, laminat parketin, kərpicin, mebellərdən mətbəx üçün mebelin, yataq üçün mebel dəstinin, məişət avadanlıqlarından qızdırıcıların, paltaryuyan maşınların qiymətləri bahalaşıb.
Fevral ayında əhaliyə göstərilən pullu xidmətlərdən MDB ölkələrinə hava sərnişindaşıma tariflərində, yerli və MDB ölkələrinə dəmiryol sərnişindaşıma tariflərində, poçt xidmətləri üzrə bağlama göndərilməsi tariflərində, soyuq su təchizatı və kanalizasiya xidməti tariflərində bahalaşma müşahidə olunub.
DOSTLARINLA PAYLAŞ: