F.Ağayevi bıçaqlamaqda şübhəli bilinən şəxs sərbəst buraxıldı
27 Noyabr 2010 Şənbə 11:45
Seymur Məmmədov barəsində həbs qətimkan tədbirinin uzadılması haqda vəsatət təmin olunmayıb
Azərbaycanın xalq artisti Faiq Ağayevi bıçaqlamaqda şübhəli bilinənlərdən biri sərbəst buraxılıb. Xalq artistinin ANS PRESS-ə verdiyi məlumata görə, 26.11.10 tarixində Nəsimi Rayon Məhkəməsində hakim İkram Şirinovun qəbul etdiyi qərara görə bu il sentyabrın 27-də xalq artisti Faiq Ağayevi bıçaqlamaqda şübhəli bilinən şəxslərin biri, Seymur Məmmədov barəsində Nəsimi Rayon Polis İdarəsinin həbs qətimkan tədbirinin uzadılması haqda vəsatəti təmin olunmayıb.
Xalq artisti isə məhkəmənin bu qərarını qınayıb. F. Ağayevin ANS PRESS-ə verdiyi açıqlamada deyilir:
"Cəmiyyət üçün birmənalı şəkildə təhlükə yaradan, bundan öncə də dəfələrlə qanun pozuntuları törədən bu şəxsin sadəcə polis nəzarəti altına buraxılması haqda məhkəmə qərarını səhv və məntiqsiz hesab edirik. Nəsimi Rayon Prokurorluğu da bu qərarla bağlı etiraz bildirməyi tutur. Ümidvaram ki, Bakı Appelyasiya məhkəməsi tərəfindən bu məsələyə baxılanda xalq artistinə qarşı az qala ölüm ilə nəticələnən bu qanlı qəsdin fəal iştirakçısı S.Məmmədovun faktiki olaraq azadlığa buraxılması haqda hakim İ.Şirinovun anlamsız qərarı ləğv olunacaq və cəmiyyət üçün böyük xətər kəsb edən bu şəxs barəsində həbs qətimkan tədbiri uzadılaraq, istintaq bitənədək cəmiyyətdən tədric olunacaq".
Xatırladaq ki, bu il sentyabrın 27-də səhər saat 6 radələrində xalq artisti Faiq Ağayev və onun yanında olan iki nəfər - cangüdəni 35 yaşlı Azər Musayev və dostu 33 yaşlı Ramin Bayramov bıçaqlanıblar. Hadisə paytaxtın Nəsimi rayonu ərazisində, Əlimərdan bəy Topçubaşov küçəsindəki 113 saylı evin qarşısında baş verib. Faiq Ağayev kürək, bud və qarın nahiyəsindən altı, Ramin Bayramov bir, Azər Musayev isə iki bıçaq yarası alıb.
Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində faktla bağlı şübhəli şəxs qismində üç nəfər - Rüfət Baba oğlu Məlikov, Seymur Vasif oğlu Məmmədov və Natəvan Qurban qızı Şərifova sentyabrın 28-də saxlanılıblar. Rüfət Məlikov hadisəni törətdiyini etiraf edib. Onun xalası oğlu Seymur Məmmədov və digər saxlanılan Natəvan Şərifovadan isə izahatları alınaraq sərbəst buraxılıblar.
Növbəti gün isə Azərbaycanın xalq artisti Faiq Ağayevi bıçaqlamaqda şübhəli bilinən S. Məmmədov da saxlanılıb.
Sentyabrın 29-da Nəsimi rayon Məhkəməsinin qərarı ilə R.Məlikov barəsində 3 ay, S.Məmmədov barəsində isə 2 aylıq həbs-qəti imkan tədbiri seçilmişdi.
Qeyd edək ki, hadisə xalq artistinin gecə klubunun açılışından evinə qayıdarkən yolda "VAZ 2107" markalı avtomobilin sürücüsü ilə "yol verməmək" üstündə düşən mübahisə zəminində baş verib.
DOSTLARINLA PAYLAŞ: