Eurovision-2011-in milli finalının vaxtı açıqlandı
03 Fevral 2011 Cümə Axşamı 03:20
Final fevralın 11-də Akademik Milli Dram Teatrında keçiriləcək
“Eurovision-2011” mahnı müsabiqəsinin milli finalı fevralın 11-də Azərbaycan Akademik Milli Dram Teatrında keçiriləcək. Final mərhələsində 5 ifaçı Nigar Camal, Eldar Qasımov, Aynişan Quliyeva, İlqarə İbrahimova və İlhamə Qasımova mübarizə aparacaq. “Eurovision” mahnı müsabiqəsinin milli təşkilatçısı olan İctimai Televiziya və Radio Yayımları Şirkəti hazırda final mərhələsi ilə bağlı son hazırlıq işləri aparır. Fevralın 11-də finalçıların ifasından sonra münsiflər heyətinin səsverməsi nəticəsində Azərbaycanın “Eurovision-2011”dəki təmsilçisi müəyyən olunacaq.
Xatırladaq ki, milli seçimlərə 2010-cu ilin oktyabrından start verilib. İlkin dinləmələrdən keçən 77 nəfər noyabrın 15-dən etibarən İctimai Televiziyanın efirində 7 həftə boyunca yarışıb. Tamaşaçılar və münsiflər heyətinin səsverməsi nəticəsində iştirakçılardan 10 nəfər yarımfinal mərhələsinə keçə bilib. 2011-ci il yanvarın 3-dən 10-dək davam edən yarımfinal mərhələsindən isə finala 5 nəfər vəsiqə qazanıb.
DOSTLARINLA PAYLAŞ: