ETSN 82550 manat cərimə tətbiq edib
25 Avqust 2010 Çərşənbə 12:40
Ekoloji qanunvericiliyin tələblərinin pozulmasına görə tətbiq edilən cərimənin 6369 manat ödənilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumları tərəfindən 2010-cu ilin 01-15 avqust tarixlərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyətini yoxlamaq məqsədilə araşdırma aparılıb. ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın ANS PRESS-ə verdiyi məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 230 akt və protokol tərtib olunub və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 69 göstəriş verilib.
Ümumilikdə, 86 iş üzrə 82550 manat məbləğində cərimə tətbiq edilib, ondan 6369 manat ödənilib. Ətraf mühitə dəymiş ziyanla bağlı 10 iş üzrə 646,46 manat məbləğində iddia qaldırılıb, ondan (ötən ildən qalanla birlikdə) 1828,14 manatın ödənilməsi təmin edilib. İdarə və müəssisələrə 127 iş üzrə 10129,2 manat məbləğində ödəmə tətbiq edilib, ondan (ötən ildən qalanla birlikdə) 14301 manatın ödənilməsi təmin olunub.
Tədbir görülməsi üçün məhkəmələrə göndərilmiş 1 işdən (ötən ildən qalanla birlikdə) 2-nə, Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçılarına göndərilmiş 34 işdən 3-nə baxılaraq müvafiq tədbir görülüb.
Su ehtiyatlarının mühafizəsi üzrə 40 akt və protokol tərtib olunub, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 21 icrası məcburi olan göstəriş verilib. 20 iş üzrə 12150 manat məbləğində cərimə, 26 iş üzrə 1558 manat məbləğində ödəmə tətbiq edilib.
Atmosfer havasının mühafizəsinə nəzarət məqsədilə müvafiq araşdırmalar aparılaraq 29 akt və protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 13 məcburi göstəriş verilib. 1 iş üzrə 2500 manat məbləğində cərimə, 67 iş üzrə 5317,2 manat məbləğində ödəmə tətbiq edilmiş 1 iş üzrə 15 manat məbləğində iddia qaldırılıb.
Torpağın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 5 akt və protokol tərtib olunub, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 2 icrası məcburi olan göstəriş verilib. 2 iş üzrə 2700 manat məbləğində cərimə, 9 iş üzrə isə 630 manat məbləğində ödəmə tətbiq edilib.
Yerin təkinin mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 6 akt və protokol tərtib olunub, 1 icrası məcburi olan göstəriş verilib. 4 iş üzrə 2000 manat məbləğində cərimə tətbiq edilib, dəymiş ziyanla bağlı 1 iş üzrə 22 manat məbləğində iddia qaldırılıb, 2 iş üzrə 600 manat məbləğində ödəmə tətbiq edilib.
Tullantıların idarə olunması sahəsində aşkar olunmuş qanun pozuntularına görə 116 akt və protokol tərtib olunub, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 25 icrası məcburi olan göstəriş verilib. 51 iş üzrə 60800 manat məbləğində cərimə, 23 iş üzrə isə 2024 manat məbləğində ödəmə tətbiq edilib, dəymiş ziyanla bağlı 4 iş üzrə 400 manat məbləğində iddia qaldırılıb.
Flora və faunanın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 34 akt və protokol tərtib olunub. Müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün floranın mühafizəsi üzrə müvafiq qanunvericiliyə əsasən 7 icrası məcburi olan göstəriş verilib. Floranın mühafizəsi sahəsində 7 iş üzrə 1300 manat, faunanın mühafizəsi sahəsində isə 1 iş üzrə 1100 manat məbləğində cərimə tətbiq edilib. Floranın mühafizəsi sahəsində 4 iş üzrə 209,46 manat məbləğində iddia qaldırılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: