Ermənistan danışıqları heçə endirmək istəyir
09 Mart 2011 Çərşənbə 22:46
Ərəstun Oruclunun fikrincə, erməni snayperinin azyaşlı uşağı hədəfə alması Azərbaycan tərəfinə bir mesajdır
Soçi görüşünün ardınca erməni silahlı qüvvələrinin atəşkəs rejimini pozaraq mülki vətəndaşı, azyaşlı uşağı öldürməsi münaqişəni tənzimlənməsində vasitəçi olan Minsk qrupu tərəfindən də pislənib. Əslində, bəlkə də biz atəşkəs rejiminin pozulmasına və cəbhədən şəhid xəbərinin gəlməsinə öyrəşmişik. Amma ermənilərin daha irəli gedərək bilərəkdən uşağı hədəfə almaları başqa mətləblərdən xəbər verir.
Politoloqlar hesab edir ki, mülki şəxsləri öldürməklə, Ermənistan tərəfi danışıqları heçə endirmək istəyir. Politoloq Ərəstun Oruclunun fikrincə, atəşkəs dövründə erməni snayperinin açdığı atəşin azyaşlı uşağı hədəfə alması Azərbaycan tərəfinə bir mesajdır. Onun sözlərinə görə, bu dəfə 10 yaşlı azərbaycanlının öldürüməsi onu göstərir ki, Ermənistan tərəfi yalnız özünün ümumi nizamlanma prosesindən yayınmasını ört-basdır etmək istəyir: “Artıq Rusiya rəhbərliyinə Azərbaycan rəhbərliyi açıq şəkildə çatdırmalıdır ki, Ermənistan tərəfi hər dəfə görüşdən sonra bu cür addım atırlar”.
Hərbi ekspertlər də hesab edir ki, erməni snayperinin mülki şəxsləri, xüsusilə də 10 yaşlı uşağı öldürməsi insaniyyətdən kənar bir hərəkədir. Ehtiyatda olan polkovnik İldırım Məmmədli erməni snayperinin 10 yaşlı uşağı hədəfə almasını təsadüfi hesab etmir. Onun sözlərinə görə, bu cür vəhşilik bütün beynəlxalq normalara ziddir: “Belə məsələlər beynəlxalq aləmə çıxarılmalıdır və erməni snayperləri cəzalandırılmalıdır”.
Müdafiə Nazirliyi də ötən gün ermənilərin açdığı atəş nəticəsində Ağdamın Orta Qərvənd kəndinin sakini, 10 yaşlı Fariz Bədəlovun öldürülməsi ilə bağlı açıqlama yayıb. Nazirliyin açıqlamasında deyilir ki, Ermənistan hər dəfə yüksək səviyyəli görüşdən ya əvvəl, ya da sonra təxribata əl atmaqla sülh danışıqlarını pozmağa çalışır. “Fariz Bədəlovun qətli Ermənistan hakimiyyətinin və hərbi rəhbərliyinin fəaliyyətinin birbaşa nəticəsidir. Müdafiə Nazirliyi bəyan edir ki, ATƏT-in Minsk qrupu Ermənistanın bu fəaliyyətini diqqətdən kənar buraxmamalıdır. Azərbaycan Silahlı Qüvvələri cəbhədə vəziyyətin kəskinləşməməsi üçün cavab atəşi açmayıb. Uşaq qatilləri bilməlidir ki, bu vəhşiliklər hər dəfə ağır nəticələr verir”.
Xarici İşlər Nazirliyndə də hesab edirlər ki, ermənilər 10 yaşlı Farizi öldürməklə, öz iç üzlərini beynəlxlaq ictimaiyyətə nümayiş etdirdilər. XİN-in mətbuat xidmətinin əməkdaşı Elman Abdullayevin sözlərinə görə, prezidentlərin Soçi görüşündən sonra ermənilərin bu cür addım atması təxribat xarakteri daşıyr. Onun sözlərinə görə, bu çirkli əməllər təxribat xarakterlidir və münaqişə tərəfləri arasında etimadı azaldır: “Hesab edirik ki, dünya ictimaiyyəti buna kəskin münasibət bildirməlidr. Çünki bu, dinc əhaliyə qarşı atılmış bir əməldir. Azərbaycan tərəfi dünya ictimaiyyətinə öz etirazını bildirəcək”.
DOSTLARINLA PAYLAŞ: