Ermənilər Kiyevdə Xocalı tədbirinə mane ola bilmədilər
25 Fevral 2011 Cümə 01:51
Ukrayna paytaxtında “Xocalı - tarixin silə bilmədiyi yaddaş” informasiya bülleteninin təqdimat mərasimi keçirilib
Kiyev şəhərində “İnter Media konsaltinq” informasiya agentliyində “Demokratiyanın nəbzi” Beynəlxalq İctimai Təşkilatı Xocalı soyqırımı ilə bağlı mətbuat konfransı və “Xocalı - tarixin silə bilmədiyi yaddaş” informasiya bülleteninin təqdimat mərasimini keçirib.
Konfransda təşkilatın rəhbəri, hüquq elmləri namizədi Hikmət Cavadov Xocalı soyqırımı haqqında ətraflı məlumat verərək bildirib ki, dünya ictimaiyyətinə ermənilərin Azərbaycana qarşı törətdiyi soyqırımını olduğu kimi çatdırmaq lazımdır. Konfransda iştirak edən Azərbaycanın Ukraynadakı səfirliyinin ikinci katibi Fərid Babayev ermənilərin ayrı-ayrı dövrlərdə Qarabağ probleminin yaranmasında xəyanətkar siyasəti haqqında məlumat verib.
“Azərbaycanın sözü” qəzetinin baş redaktoru Dmitri Kulubaba Xocalıda baş verən hadisələrin adi faciə yox, soyqırımı olduğunu söyləyib, belə hadisələrin bir daha təkrar olunmaması üçün davamlı tədbirlərin həyata kecirilməsinin zəruriliyini qeyd edib.
Sonra jurnalistlərin suallarına ətraflı və dolğun cavablar verilib. Sonda mətbuat konfransının iştirakçılarına Ukrayna dilində nəşr olunan “Xocalı - tarixin silə bilmədiyi yaddaş” informasiya bülletenləri paylanılıb. Mətbuat konfransında jurnalistlərlə yanaşı Azərbaycan diasporunun fəalları da iştirak ediblər. Qeyd edək ki, Xocalı soyqırımı ilə bağlı mətbuat konfransının keçirilməməsinə Kiyevdə yaşayan erməni fəalları səy göstərsələr də, cəhdləri baş tutmayıb.
DOSTLARINLA PAYLAŞ: