Erməni tərəfi qorxu içərisindədir
25 Dekabr 2010 Şənbə 00:35
“Ermənistan və onun rəhbərləri bilməlidirlər ki, Azərbaycan xalqı istənilən anda öz ərazisində istənilən hərbi əməliyyatı keçirə bilər”
“Biz ordu quruculuğuna çox böyük diqqət göstəririk, çox böyük maliyyə vəsaiti ayrılır”. Bunu Prezident İlham Əliyev Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunan yaşayış binalarının istifadə verilməsi mərasimində deyib. Onun sözlərinə görə, ordumuz bu bölgədə ən qüdrətli, ən güclü ordudur və ordu quruculuğuna yetirilən diqqət özünü göstərir: “Torpaqlarımız uzun illərdir ki, işğal altındadır. Biz erməni işğalına məruz qalmışıq. 1990-cı illərin əvvəllərində Ermənistan və onun xaricdəki havadarları Azərbaycanda qeyri-sabit vəziyyətdən, hərc-mərclikdən istifadə edərək torpaqlarımızın bir hissəsini zəbt edib. Əlbəttə ki, bu gün bunu təsəvvür etmək mümkün deyil. Bu gün Azərbaycan ən qüdrətli hərbi potensiala malikdir. Bu gün bizim həm iqtisadi, həm siyasi, həm hərbi potensialımız Ermənistanla müqayisəedilməz səviyyədədir. Ancaq 1990-cı illərin əvvəllərində, bir daha demək istəyirəm ki, Azərbaycanda yaranmış vəziyyətdən istifadə edib erməni işğalçıları torpaqlarımızı işğal ediblər”.
Prezident bir daha bəyan edib ki, rəsmi Bakı münaqişəni danışıqlar yolu ilə həll etməyə çalışır: “Ancaq siz görürsünüz ki, bu hələ mümkün deyil. Belə olan halda, əlbəttə ki, biz bütün başqa variantlara da hazır olmalıyıq. Ordu quruculuğuna ayrılan vəsait, görülən tədbirlər, orduda peşəkarlığın artırılması, mütəmadi qaydada təlimlərin keçirilməsi, yeni silah-sursat, texnikanın alınması və Azərbaycanda istehsal olunmasının məqsədi ondan ibarətdir ki, əgər danışıqlar nəticə verməsə, torpaqlarımız hərbi yolla azad olunmalıdır. Bu reallıqdır və ölkə qarşısında duran bu ən ağrılı, ən çətin problem həllini tapmalıdır”.
İlham Əliyevin sözlərinə görə, atəşkəs dövründə Azərbaycan böyük və uğurlu yol keçib. O bildirib ki, əgər 1990-cı illərin əvvəllərində Ermənistanla Azərbaycan arasında iqtisadi, yaxud da, hərbi sahədə tarazlıq mövcud idisə, artıq çoxdandır ki, Azərbaycan bu tarazlığı pozub: “Azərbaycan iqtisadiyyatı Cənubi Qafqazın iqtisadiyyatının 75 faizini təşkil edir. Azərbaycanda yaranmış maliyyə imkanları bizə imkan verir ki, istənilən məsələni öz xeyrimizə həll edək. Ermənistan tərəfi, əlbəttə ki, bu reallıqları dərk edir, başa düşür və hesablaşmalıdır. Təsadüfi deyil ki, son aylar ərzində onların isterik hərəkətləri ona gətirib çıxarıb ki, onların qorxu içində olması artıq bütün dünyaya bəllidir. Bu həqiqətdir və nə qədər ki, Azərbaycan torpaqları işğal altında qalacaq, Ermənistan o qədər qorxu içində yaşayacaq. Heç kim istəməz ki, onun qonşusu ona qarşı pis niyyətdə olsun. Amma bizim başqa seçimimiz yoxdur. Əgər Ermənistan öz xoşu ilə beynəlxalq hüquq normalarına uyğun şəkildə Azərbaycan torpaqlarından qüvvələrini geri çəksə, o zaman bölgədə sülh və əmin-amanlıq yaranacaq. Nə vaxta qədər ki, torpaqlarımız işğal altındadır, Ermənistan və onun rəhbərləri bilməlidirlər ki, Azərbaycan xalqı istənilən anda öz ərazisində istənilən hərbi əməliyyatı keçirə bilər. Bu imkanları bizə beynəlxalq hüquq normaları yaradır”.
DOSTLARINLA PAYLAŞ: