Eldar Sabiroğlu: “Bütövlükdə ordunu günahlandırmaq doğru deyil”
25 Fevral 2011 Cümə 12:36
Müdafiə Nazirliyi “N” saylı hərbi hissədə baş verən insidentlə bağlı açıqlama yayıb.
Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu ötən həftə “N” saylı hərbi hissədə baş verən qanlı cinayətlə bağlı açıqlama yayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, açıqlamada bildirilir:
“Hərbi hissədəki məlum hadisə ilə bağlı bizi vaxtaşırı informasiya verməməkdə suçlayanlar var. Əslində Hərbi Prokurorluqla birlikdə Müdafiə Nazirliyi zamanında, heç bir gecikdirmə olmadan ilkin məlumatı açıqlayıb. Bunun davamını gözləyənləri də anlayışla qarşılayırıq. Ancaq istintaqın qaydalarına görə, nəticə tam dəqiqləşdirldikdən sonra hər hansı yekun bir fikir söyləmək olar. Qanun bunu belə tələb edir. Bununla yanaşı Müdafiə Nazirliyi jurnalist araşdırmalarına, tədqiqatlarına hörmətlə yanaşır. Lakin bu cür faktlar üzərində işləyərkən xüsusilə diqqətli və səbrli olmaq lazımdır. Bəzən isə görürük ki, fakt qalır kənarda əsassız, həqiqəti əks etdirməyən ittihamlar daha qabarıq verilir”.
Eldar Sabiroğlunun sözlərinə görə, bütövlükdə ordunu da günahlandırmaq doğru münasibət sayıla bilməz.
“Əslində bir itki belə bizim üçün ağırdır. Onun məsuliyyətini, valideynlərin çəkdiyi dərdi və əzabı tamamilə başa düşür, hətta özümüzü onların yerinə qoyanda hər şeyi lap dərindən dərk etmiş oluruq. Amma bu zaman da Silahlı Qüvvələrimizin ayağına zəncir vurulmasına qətiyyən imkan vermək olmaz. Bir az sərt alınsa da, təəssüflə deməliyəm ki, bəzən belə cəhdlərə rast gəlirik. Bundan da düşmən çox gözəl istifadə edir. Nümunə olaraq deyə bilərəm ki, son günlər bizim bəzi mətbuat vasitələrində hansı təhlillər aparılırsa, hamısını nöqtəsinə, vergülünə toxunmadan erməni mətbuatı dərc edir. Özləri demək olar ki, heç bir şərh vermirlər. Görünür, bizdəki yazı-pozular, bəyanatlar, arxivlərin yenidən səhifələrə köçürülməsi və digər yanaşmalar onlar üçün kifayət edir. Biz bunu yolverilməz hesab edirik. Ordumuzu aşağılayan fikirlərin önünü kəsmək hər birimizin mənəvi borcu olmalıdır. Onun zəifləməsindən biz birlikdə itirə bilərik, bundan isə yalnız düşmən qazana bilər”, - deyə açıqlamada bildirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: