Eldar Əzizov: "Sumqayıt qısa zamanda Bakıya çatmalıdır".
04 Mart 2011 Cümə 16:26
Sumqayıtda geniştərkibli iclas keçirilib. Eldar Əzizov: "Sumqayıt qısa zamanda Bakıya çatmalıdır".
Sumqayıt şəhər İcra Hakimiyyətinin yeni başçısı Eldar Əzizov bu gün şəhərin bütün qurumlarının əməkdaşlarını, eyni zamanda müxtəlif təbəqələrindən olan sakinlərini bir araya gətirib. ANS TV-nin məlumatına görə, sosial problemlər məngənəsində boğulan Sumqayıt sakinləri şikayətlərini açıq mikrofon vasitəsilə icra başçısının diqqətinə çatdırıblar. Eldar Əzizov da öz növbəsində mövcud problemlərin həlli istiqamətində əlindən gələni edəcəyini vəd edib.
İcra başçısı həmçinin deyib ki, Sumqayıtda olan qurumların fəaliyyətində bu vaxta qədər olan durğunluğun aradan qaldırılması istiqamətində var gücü ilə çalışacaq: “Artıq Sumqayıt sənaye mərkəzinə cevirilib, burada keçmiş postsovet məkanı ölkələrində analoqu olmayan texnopark açılıb. Cənab prezident tapşırıb ki, bunu daha da inkişaf etdirək".
Eldar Əzizovun sözlərinə görə, burada yeni müəssisələrin tikilməsi nəzərdə tutulub.
"Bunun nəticəsində şəhər əhalisinin sayı da artacaq. Sumqayıt qısa vaxt ərzində bəzi parametrlər baxımından Bakı şəhərinin standartlarına çatmalıdır. Bu bizim qarşımızda duran vəzifədir. Bu gün görülən və görülməyən işlər var. Biz eyni zamanda hər şeydən başlasaq hər şey yarımçıq olaraq qalacaq. Ona görə də ilk olaraq prioritetləri müəyyən etmək lazımdır. Bu baxımdan bugünki tədbir böyük əhəmiyyət daşıyır”,- deyə icra başçısı sözlərini tamamlayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: