E.Məmmədyarov Almaniyaya yola düşüb
04 Fevral 2011 Cümə 11:50
XİN rəhbəri 47-ci Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Almaniyaya gedib. Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxovun ANS PRESS-ə verdiyi məlumata görə, səfərdə məqsəd 47-ci Münhen Təhlükəsizlik Konfransında iştirak etməkdir.

Bu ilki Münhen Təhlükəsizlik Konfransının əsas müzakirə mövzuları Avropa təhlükəsizliyi strategiyası, Rusiya və NATO arasında qarşılıqlı əməkdaşıq, Misirdəki daxili siyasi vəziyyət olacaq. Konfrans bu gün başlayacaq.

Konfrans Bavariya paytaxtında artıq 47-ci dəfədir keçirilir. Onun rəhbəri diplomat, Almaniyanın Böyük Britaniyadakı keçmiş səfiri Volfqanq İşingerdir. Bu il Almaniya kansleri Angela Merkel, ABŞ-ın dövlət katibi Hillari Klinton, BMT-nin baş katibi Pan Gi Mun, NATO-nun baş katibi Anders Foq Rasmussen, Əfqanıstan prezidenti Həmid Kərzay, eləcə də digər dövlət və beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələri Münhen konfransının qonağı olacaqlar.

Münhen Konfransının əsası 1962-ci ildə alman naşiri Evald fon Klyast tərəfindən NATO-ya üzv ölkələrin “Müdafiə nazirlikləri nümayəndələrinin iclası” kimi qoyulub. Hazırda Münhen Təhlükəsizlik Konfransı dünyanın 40-dan çox ölkəsindən siyasətçilər, diplomatlar, hərbçilər, iş adamları, elm və ictimaiyyət xadimlərini bir araya gətirən beynəlxalq forumdur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar