Dövlət orqanlarında yoxlamalar aparılacaq
17 Avqust 2010 Çərşənbə Axşamı 17:05
Hesablama Palatası bəzi qurumlarda auditin nəticələrinə dair hesabat və rəyləri təsdiq edib.
Bu gün Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib. Palatanın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, iclasda Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər idarəsində vergi qanunvericiliyinə riayət edilməsi, Meliorasiya və Su Təsərrüfatı ASC-nin Salyan Suvarma Sistemləri İdarəsinə və Baş Mil-Muğan Kollektorlar İstismarı İdarəsinə dövlət büdcəsinin “Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi” bölməsi üzrə “Meliorasiya tədbirləri” paraqrafından ayrılan vəsaitlərin proqnozlaşdırması və istifadəsi, Dövlət Neft Fondunun vəsaitinin idarə olunması və istifadəsi, eləcə də, Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsinin gəlir və xərclərinin proqnozlaşdırılması və icrası ilə bağlı auditin nəticələrinə dair hesabat və rəylər geniş müzakirə olunaraq təsdiq edilib.

Kollegiya iclasında həmçinin, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyinə dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə dövlət büdcəsindən ayrılan vəsaitlərin və hökumət zəmanəti ilə cəlb edilən kreditlərin istifadəsi, eləcə də dövlət büdcəsindən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə dair audit proqramları da təsdiq olunub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar