Dövlət Gömrük Komitəsi 42 ədəd “Wolksvagen-Jetta” markalı avtomobil alıb
28 Yanvar 2011 Cümə 12:45
Komitə yeni əldə etdiyi kater və avtomobillərin təqdimat mərasimini keçirib.
Dövlət Gömrük Komitəsi (DGK) yeni aldığı 3 kater və 42 avtomobilin təqdimat mərasimini keçirib. Tədbirdə çıxış edən DGK sədri Aydın Əliyev bildirib ki, 42 ədəd “Wolksvagen-Jetta” markalı avtomobil komitənin istifadəsinə verilib, katerlər isə DGK-nın Xəzər dənizində Azərbaycanın iqtisadi mənafelərinin qorunma İdarəsinin tabeçiliyində olacaq.
Onun sözlərinə görə, bir neçə il əvvəl fəaliyyətə başlayan bu idarə kater çatışmazlığından tam fəaliyyət göstərə bilmirdi: “Ona görə də idarənin katerlərlə təchiz olunması zəruri idi. Əsas məqsəd operativ əməliyyatları həyata keçirmək, qaçaqmalçılığın qarşısını almaqdır”.
O bildirib ki, bu tipli katerlər Skandinaviya ölkələrində gömrük və sərhəd xidmətləri tərəfindən istifadə olunur: “Finlandiya lisenziyası ilə Estoniyada hazırlanan katerlərin uzunluğu 16 metr, sürətin saatda 42 dəniz milidir. Gecəgörmə cihazları 38 mil uzaqlığı görməyə imkan verir. Götürmə qabiliyyəti 5 ton yük və ekipaj daxil olmaqla 16 nəfərdir. Katerlər lazımi avadanlıqlarla təchiz olunub”.
Qeyd edək ki, təqdimat mərasimdə Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev də iştirak edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: