Doğuş Bakıda konsert verdi
26 İyul 2014 Şənbə 11:34
Sağlamlıq imkanları məhdud gənclərin və tənha ahılların Türkiyənin tanınmış müğənnisi Doğuş ilə görüşü təşkil olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, tanınmış müğənnisi və bəstəkar Doğuş ölkəmizə səfəri çərçivəsində Nazirliyin Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində, Müharibə Əlilləri üçün Müalicə Pansionatında, Müharibə və Əmək Əlilləri üçün Pansionatında (Qocalar evi) olub.

Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olan Doğuş belə bir mərkəzin yaradılmasını və onun fəaliyyətini yüksək dəyərləndirib. O, sağlamlıq imkanları məhdud gənclərin öz potensiallarını cəmiyyətə təqdim edə bilmələri, məşğulluq imkanlarını reallaşdırmalarının bu şəraitdən lazımınca istifadə etməli olduqlarını vurğulayıb. Məşhur müğənni mərkəzdəki musiqi dərnəyinin üzvləri ilə görüşərək onların ifaları ilə tanış olub, onlara öz məsləhətlərini verib.

Sonra mərkəzin həyətindəki istirahət guşəsində, açıq havada məşhur türk müğənnisi Ramazan bayramı münasibətilə konsert proqramı təqdim edib. Tədbirdə Azərbaycanın tanınmış müğənnisi Yusif Mustafayev də iştirak edib, mahnılar oxuyub. Sağlamlıq imkanları məhdud gənclər onlara xoş və fərəhli anlar yaşadan belə yaddaqalan tədbirin təşkilinə görə minnətdarlıqlarını ifadə ediblər. Doğuş müharibə əlilləri üçün Müalicə Pansionatındavə Qocalar evində də yaddaqalan konsert proqramı ilə çıxış edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar