“Dərnəgül yolu”nda yerləşən obyektlərin hamısı söküləcək
13 Yanvar 2011 Cümə Axşamı 15:05
Bu barədə “Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verub.
Yaxın vaxtlarda Bakı şəhərinin əsas avtonəqliyyat magistrallarından biri olan və el arasında “Dərnəgül yolu” kimi tanınan Ziya Bünyadov prospektinin yenidən qurulmasına başlanacaq. “Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin ANS PRESS-ə verdiyi məlumata görə, son zamandar həmin prospektdə hərəkət şiddətinin həddən artıq artması, ağır yüklü və sərnişin nəqliyyatının sayının çoxalması prospektin yenidən qurulması məsələsini gündəmə gətirib.
Onun sözlərinə görə, artıq yolun yenidən qurulması ilə bağlı layihələndirmə işləri aparılır: “Z.Bünyadov prospektinin yenidən qurulmasında məqsəd 20 Yanvar və keçmiş “Qələbə” kinoteatrı yanındakı dairələrdən Böyük Şor yol qovşağına nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətini təmin etməkdir. Eyni zamanda, Binəqədi, Nərimanov və Nəsimi rayonlarında sənaye və yaşayış məntəqələrindən keçdiyinə görə, ağır yüklü və sərnişin nəqliyyatının normal hərəkətinin təmin olunması üçün hər tərəfdən 3 olmaqla yolda 6 köməkçi yolların olması nəzərdə tutulur”.
Z.Bünyadov prospektinin yenidən qurulması onun kənarındakı ticarət və xidmət obyektlərinə təsirsiz ötüşməyəcək. P.Mürsəliyevin sözlərinə görə, yolun bəzi əraziləri yolun kənarında yerləşən ticarət və xidmət obyektləri tərəfindən zəbt olunub: “Ona görə də hərəkət yolun əsas hissəsinə ötürülür ki, bu da onsuz da gərgin vəziyyətdə işləyən avtomagistralda süni tıxacların yaranmasına və vəziyyətin kritik həddə çatmasına səbəb olur. Buna görə də yolun yenidən qurulması işləri çərçivəsində yol sahəsinə düşən kommunikasiyalar və ticarət-xidmət obyektlərinin hamısı oradan köçürüləcək”.
P. Mürsəliyev deyir ki, hazırda layihələndirmə işləri ilə paralel olaraq yolun kənarındakı ticarət və xidmət obyektlərinin vəziyyəti də araşdırılır: “Hansı tərəfdə hansı obyektlərin söküləcəyi yaxın vaxtlarda bilinəcək”.
Həmin ərazidəki “Dərnəgül bazarı” adlanan sahədə əsasən tikinti materiallarının satışı ilə məşğul olan çoxsaylı satış məntəqələri yerləşir. P.Mürsəliyevin sözlərinə görə, ən pis vəziyyət yoldan Bakı Şampan Şərabları Zavoduna tərəf döngənin ətrafında yaranıb: “Orada bəzi obyektlər yolun ərazisinə elə daxil olub ki, orada köməkçi yoldan söhbət gedə bilməz. Sözsüz ki, onların hamısı söküləcək”.
Qeyd edək ki, Ziya Bünyadov prospekti Bakının şimal istiqamətinə əsas çıxışını təmin edən magistrallardan biridir. Bu prospekt başlanğıcını Nəsimi rayonu ərazisindən, Alı Mustafayev, Rəşid Məmmədov və Abdulvahab Salamzadə küçələrinin kəsişməsindən (“Xutor dairəsi”) götürür və Böyük Şor yol qovşağınadək (“M.Əzizbəyov” metro stansiyasının ətrafı) təqribən 9 km uzanır. Yenidənqurma işləri çərçivəsində prospekt üzərində 4 yeni yolötürücü qovşağı tikiləcək, bir qovşaq isə (“Çermet körpüsü” adlanan ərazidə) yenidən qurulacaq. Yeni qovşaqlardan biri yolun başlanğıcında – Nəsimi rayonu ərazisində A.Mustafayev, R.Məmmədov, A.Salamzadə küçələrinin Z.Bünyadov prospekti ilə kəsişdiyi yerdə (“Xutor dairəsi”) olacaq.
Belə ki, bkinci qovşaq Z.Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsində, üçüncü qovşaq Z.Bünyadov prospektinin Böyük Şor küçəsi ilə kəsişməsində, dördüncü qovşaq prospektin Müzəffər Nərimanov küçəsi ilə kəsişməsində tikiləcək. Daha bir qovşaq, prospektin Əliyar Əliyev küçəsi ilə kəsişməsində (indiki “Çermet” adlanan ərazidə) yerləşən yol qovşağı isə yenidən qurulacaq, hazırda burada dəmiryolu üzərində olan yol ötürücüsü söküləcək və yeni yol qovşağı tikiləcək. Eyni zamanda, yoldan piyadaların da normal keçidini və hərəkətini təmin etmək üçün piyada keçidləri inşa ediləcək.
Prospektin yenidən qurulması nəticəsində onun eni indiki 40 metrdən 50-60 metrədək artırılacaq. Yenidənqurmadan sonra “Xutor dairəsi”ndən Azadlıq prospekti ilə kəsişməsinədək hissə 12 zolaqlı, sonrakı hissə 10 zolaqlı olacaq. Hər zolağın eni 3,75 metr nəzərdə tutulub. Yenidən qurulandan sonra yolda sürətli hərəkəti təmin etmək üçün burada 10 hərəkət zolağının 4-nün sürətli hərəkət zolağı olması nəzərdə tutulub.
Yolla bağlı əsas problemlərdən biri indiyədək yolda yağış-kanalizasiya sisteminin mövcud olmamasıdır. Yolun yenidən qurulması nəticəsində burada həmin sistem yaradılacaq. Yenidənqurma işləri 2011-ci ildə başlanacaq və azı iki il davam edəcək. Yaxın vaxtlarda yolda işlərin mərhələlərlə həyata keçirilməsinə başlanacaq.
Müddətin uzunluğu kommunikasiyaların sayının çox olması və onların köçürülməsi üçün çox vaxtın tələb olunması ilə bağlıdır. Tikinti işlərinə yalnız bundan sonra start veriləcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: