Dənizdə güclü dalğalar, bölgələrdə qısamüddətli sel gözlənilir
21 Avqust 2010 Şənbə 23:20
Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirlikləri əhaliyə xəbərdarlıq edir.
Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirlikləri əhaliyə xəbərdarlıq edir. Yaxın 5 gündə ölkə ərazisində müşahidə olunacaq qeyri-sabit və küləkli hava şəraitində dənizdə çimmək olmaz.
Qeyri-sabit hava şəraiti avqustun 25-nə qədər davam edəcək. Hidrometeoroloji proqnozlar bürosunun baş hidroloqu Asif Verdiyevin sözlərinə görə, paytaxt və regionlarda temperatur 5-10 dərəcə aşağı düşəcək.
“Yağışlı hava müşahidə olunacaq. Gecə və axşam saatlarında bəzi yerlərdə leysan yağacaq. Dağlıq ərazilərə dolu düşəcək. Bölgələrdə yağan yağışlarla əlarqədar olaraq dağ çaylarında qısamüddətli sel keçəcəyi ehtimal olunur”,-deyə baş hidroloq bildirib.
Baş hidroloqun sözlərinə görə, temperaturun dəyişməsi paytaxtla yanaşı regionlarda da güclü şimal-qərb və qərb küləyinin əsməsinə səbəb olacaq. Avqustun 21-i axşam saatlarına doğru və ayın 22-də güclü külək əsəcək. Maksimal sürət saniyədə 25-28 metr olacaq.
Paytaxtda əsən şimal küləyi nəticəsində dənizdə dalğanın hündürlüyü 4-5 metrə çatır. Bu isə öz növbəsində xilasedicilərin işini çətinləşdirir. Dövlət Sularda Xilasetmə Xidmətinin şöbə müdiri Elsevər Həsənov bildirib ki, belə havada xilasetmə texnikasını işlətmək qeyri-mümkündür. Yəni suya heç bir skuter buraxılmır. Buna görə də, belə havada əhalini çimməkdən çəkindirmək üçün yalnız sahilboyu patrullar qoyulur.
Qeyd edək ki, hazırda müşahidə olunan qeyri-sabit hava şəraiti ölkə ərazisinə Rusiyadan daxil olan soyuq hava kütlələri ilə əlaqədardır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: