Dəmir yolunda bahalaşmaya aydınlıq gətirildi
01 Fevral 2011 Çərşənbə Axşamı 13:40
N. Əzməmmədov: “Sərnişinlərə göstərilən xidmət əldə olunan gəlirdən təxminən 7-8 dəfə artıqdır”
Ölkə daxilində dəmiryolu ilə sərnişindaşıma xidmətlərinə fevralın 1-dən yeni tariflərin tətbiq olunması nəticəsində əldə olunan gəlir bu təsərrüfatın daha da inkişaf etdirilməsinə imkan verəcək. Bunu ANS PRESS-ə açıqlamasında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, dəmir yolunun sərnişin təsərrüfatında sərnişinlərə göstərilən xidmət, təsərrüfatın saxlanması və digər xərclər əldə olunan gəlirdən təxminən 7-8 dəfə artıqdır: “Bu da təsərrüfatın dayanıqlılığını təmin etməyə, nəqliyyatlararası rəqabətdə öz mövqeyini qoruyub saxlamağa imkan vermir”.

O bildirib ki, ölkə daxilində sərnişin daşıma xidmətlərinə yeni tariflərin tətbiq olunması nəticəsində əldə olunan gəlir bu təsərrüfatın daha da inkişaf etdirilməsinə, avtomatlaşdırılmış bilet satışı sisteminindigər yerlərdə də tətbiqinin başa çatdırılmasına, sərnişinlərə göstərilən xidmət mədəniyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasına, sərnişin vaqonlarının və digər texniki vasitələrin daim işlək vəziyyətdə saxlanılmasına sərf olunacaq.

N. Əzməmmədov deyir ki, aparılmış təhlillər göstərir ki, yeni tariflər qonşu dövlətlər və MDB ölkələrinin uyğun tarifləri ilə müqayisədə aşağı səviyyədə olacaq.

Xatırladaq ki, “Azərbaycan Dəmir Yolları” QSC ölkə daxilində sərnişin daşıma tariflərinin tənzimlənməsi məqsədi ilə Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasına müraciət edib. Tarif (Qiymət) Şurasının yanvarın 31-də keçirilən iclasında “Azərbaycan Dəmir Yolları” QSC-nin müraciəti əsasında ölkədaxili sərnişin daşıma xidmətlərinə də baxılıb və marşrutlar üzrə biletlərin qiymətləri vaqonun tipindən asılı olaraq müəyyənləşdirilib. Yeni tariflər istiqamətlərdən və məsafədən asılı olaraq adi qatarlarda 3-19 manat, sürət firma qatarlarında 14-25 manat arasında dəyişir. Tariflərə yataq dəstinin, komisyon yığımının və sığortanın dəyəri də daxildir. Sadə elektrik qatarlarında gediş haqqı 20 qəpiklə 2 manat arasında, sürətli elektrik qatarlarında isə 60 qəpiklə 6 manat arasında müəyyən olunub. Yeni tariflər 2011-ci il fevralın 1-dən qüvvəyə minib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar