Dekabrda ən soyuq hava harada gözlənilir?
01 Dekabr 2010 Çərşənbə 11:15
Ölkə ərazisində havanın temperaturu bəzi yerlərdə normadan yüksək, yağıntının səviyyəsi qeyri-bərabər olacaq
Qışın birinci ayında ölkə ərazisində havanın temperaturu normaya uyğun, bəzi yerlərdə isə normadan 1-2 dərəcə yüksək olacaq. Respublika ərazisində yağıntının səviyyəsi qeyri-bərabər bölünəcək, bütövlükdə iqlim normasına yaxın, bəzi bölgələrdə normadan yuxarı olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında orta aylıq temperatur +7-9 dərəcə (gecə 4-8 dərəcə, gündüz 10-13 dərəcə), yağıntının səviyyəsi normaya yaxın (24-34 mm) olacaq.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperatur 0-4 dərəcə (gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, ayrı-ayrı günlərdə 5-10 dərəcə şaxta, 7-12 dərəcə isti, bəzi günlər +1 dərəcəyədək azalacaq), yağıntının səviyyəsi normaya yaxın (14-35 mm) olacaq.
Yuxarı Qarabağ, İstisu-Laçın, Daşkəsən-Gədəbəydə orta aylıq temperatur 0-3 dərəcə (gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti, bəzi günlər 3 dərəcəyədək şaxta), yağıntının səviyyəsi normaya yaxın (27-53 mm) müşahidə ediləcək.
Qazax-Gəncə, Ağdam-Füzuli-Cəbrayıl zonasında orta aylıq temperatur +4-6 dərəcə (gecə 1-5 dərəcə, gündüz +7-12 dərəcə, bəzi günlər 1 dərəcə şaxtayadək azalacaqdır), yağıntının səviyyəsi normaya yaxın (13-16 mm) olacaq.
Balakən-Şəki-Qəbələ, Şamaxı-İsmayıllı, Quba-Qusar-Xaçmazda orta aylıq temperatur +1-4 dərəcə isti (gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz +5-9 dərəcə, bəzi günlər – 1 dərəcə şaxtaya enəcək), yağıntının səviyyəsi normaya yaxın (24-48 mm), bəzi yerlərdə normadan artıq təşkil edəcək.
Mərkəzi Aran rayonlarında orta aylıq temperatur +6-8 dərəcə isti (gecə +2-5 dərəcə, gündüz +10-14 dərəcə), yağıntının səviyyəsi normaya yaxın (16-32 mm), bəzi yerlərdə normadan artıq olacaq.
Masallı-Lənkəran-Astarada orta aylıq temperatur +6-9 dərəcə isti (gecə +3-6 dərəcə, gündüz +10-14 dərəcə, bəzi günlər 4 dərəcə isti), yağıntının səviyyəsi normaya yaxın (58-106 mm) təşkil edəcək.
DOSTLARINLA PAYLAŞ: