Dekabr ayında havalar necə olacaq?
11 Dekabr 2010 Şənbə 12:00
Anomal hava şəraiti hələ davam edəcək
Son 10 gündə Azərbaycanda anomal istilər müşahidə olunur. Bu gün isə havanın hərarəti bir qədər də artaraq 17 dərəcəyə çatacaq. Hidrometreoloqlar bu cür hava şəratinin əslində dekabr ayı üçün xarakterik olmadığını və eyni zamanda müxtəlif illərdə dekabrda hətta havanın temperaturunun 25 dərəcəyə kimi yüksəldiyini deyirlər. Hazırda isə temperatur iqlim normasından 6,8 dərəcə çoxdur.
Hidrometreoloqların proqnozuna görə, ölkə ərazisində anomal hava şəraiti hələ bir müddət də davam edəcək. Respublikaya cənub istiqamətindən daxil olan isti hava kütlələri nəticəsində hələ ki, cənub-şərq küləyi üstünlük təşkil edir. Bir sözlə bu ilin dekabr ayında Azərbaycanda kəskin soyuq, eləcə də şaxtalı hava müşahidə olunmayacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometereoloji Proqnozlar bürosunun baş mühəndisi İmran Məmmədovun sözlərinə görə, dekabın 11-i, 12-si və 13-də günün birinci yarısına kimi hava əsasən günəşli olacaq. Cənub-şərq küləyi üstünlük təşkil edəcək.
Dekabrın 13-ü və 14-də şimal-qərb küləyi üstünlük təşkil etsə də, 14-ü günün ikinci yarısından etibarən yenidən öz yerini cənub-şərq küləyinə verəcək ki, buda tempuraturda müəyyən artımlarla müşahidə olunacaq.
İqlimşünaslar isə hesab edirlər ki, dekabr ayının belə isti keçməsi əslində bütün dünyanı narahat edən qlobal istiləşmə ilə bağlıdır. Bu səbəbdən də fəsillərin gəlməsində müəyyən gecikmələr olur.
ETSN-nin İqlim Dəyişmələri və Ozon Mərkəzinin direktoru Gülmalı Süleymanov havanın 33 il bundan əvvəlki ilə eyni olduğunu deyib. “Son 1000 ildə yerdə tempetaratur artıb. Yerdə artıq enerji qalır. Artıq enerjinin qalması nəticəsində buzlar əriyir, yer səthi qızır. 30, 40 ildə yaşıllıqların qırılması yer səthinin qızması ilə müşayiət olunur. Yəni burada insan faktoru və təbii amillər bir-birinə qarşılıqlı təsir edir”.
G.Süleymanov əslində qlobal istiləşmənin əsas səbəbinin insan faktoru olduğunu bildirib. İqlimşünasın fikrincə, hazırda sənayenin həddən artıq inkişaf etməsi və atmosferin bunun nəticəsində çirklənməsi yer səthini qızdırır. “1000 ildən bir istidə, soyuqda olur. Amma indiki kimi istilər hələ ki, qeydə alınmayıb. Bu bir başa atmosferə atılan qazlarla bağlıdır”.
DOSTLARINLA PAYLAŞ: