Daha bir tunel tipli yol qovşağının açılışı olacaq
17 Dekabr 2010 Cümə 15:45
Fətəlixan Xoyski küçəsilə Koroğlu Rəhimov küçəsinin kəsişməsində tikilən tunel yeni ilə qədər istifadəyə veriləcək
Yeni il ərəfəsində Bakıda tunel tipli yol qovşağı istismara veriləcək. Bu barədə “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev ANS PRESS-ə açıqlamasında bildirib.

Paytaxtın Nərimanov rayonunda Fətəlixan Xoyski küçəsi ilə Koroğlu Rəhimov küçəsinin kəsişməsində yerləşən yol qovşağının Yeni ilə qədər açılışı olacaq.

“Yol qovşağının tikintisi artıq yekunlaşıb. Sadəcə kosmetik işlər aparılır. Tunel dekabrın sonuna qədər mütləq istifadəyə veriləcək”, - deyə Pünhan Mürsəliyev vurğulayıb.

Tunelin açılış mərasimi çox guman ki, dekabrın 26-da həyata keçiriləcək. Tunel tipli yol qovşağının qapalı olan hissəsi 45 metr, yanaşma yolları ilə birlikdə uzunluğu isə 284 paqonometrdir. Eni 22,5 metr olan tunel 6 zolaqlı hərəkət üçün nəzərdə tutulub.

Tunel vasitəsilə F.X.Xoyski prospektindən Nərimanov və əks istiqamətə hərəkət edən sürücülər tunelin alt hissəsindən, Koroğlu Rəhimov küçəsinə çıxmaq istəyənlər üst hissədən istifadə edə bilərlər. Bundan əlavə, K.Rəhimov küçəsindən gələn nəqliyyat vasitələri köməkçi yoldan istifadə etməklə Nərimanova, həmçinin tunelin üstündən əks istiqamətə dönmə əməliyyatı apara bilərlər.



DOSTLARINLA PAYLAŞ:

oyunlar